Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılaraq, ona 14 noyabrda Kiyev şəhərinə edilən raket və dron hücumları zamanı Azərbaycan səfirliyinin ərazisinə düşən "İsgəndər" tipli raketlə bağlı kəskin etiraz bildirilib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdakinin Xarici İşlər Nazirliyinə çağırılması olduqca vacib məsələdir:
"Ən azından səfirə Azərbaycanın narahatlığını tam təfərrüatı ilə çatdırmaq imkanı yaranır. Üstəlik, Rusiyanın silahlı qüvvələrinin hansı meyarlar əsasında Ukrayna ərazisinə dron hücumları endirməsini çox uğurlu şəkildə gizlətməsi də məlumdur. Rusiya-Ukrayna müharibəsi davam etdiyindən istənilən belə hadisə “səhv” kimi qiymətləndirilə bilər. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan Cenevrə Konvensiyasının və diplomatik münasibətlər haqqında qanunun tələblərinə uyğun davranır. Azərbaycan tərəfi eyni münasibətin Rusiya tərəfindən də sərgilənməsində maraqlıdır. Çünki qeyd etdiyim kimi, beynəlxalq hüququn tələbidir ki, münaqişə gedən ərazilərdə səfirliklər hədəf seçilməməli, onların normal fəaliyyət göstərməsi üçün bütün zəruri tədbirlər görülməlidir".
Deputat qeyd etdi ki, Rusiyanın silahlı qüvvələrindəki bəzi dairələr bu proseslərdən narahatdır və buna müəyyən mənada müdaxilə etməyə çalışırlar:
"Buna baxmayaraq, hadisələrin gedişatı göstərir ki, bu kimi mövzularda səbrli, soyuqqanlı və səliqəli davranmaq vacibdir. Əks halda, cəmiyyət daxilində baş verən proseslər sonradan masa arxasında aparılan müzakirələrə transformasiya olunur və biz nəticə etibarilə bunun faydalarını, zərərlərini görmüş oluruq. Bütövlükdə, Azərbaycan məhz bu mövqedən çıxış edərək beynəlxalq müstəvidə zəruri addımlar atır. Əvvəllər texniki səhvlərə yol verilsə də, bununla bağlı konkret cəza tədbirlərinin görülməməsi onu göstərir ki, biz Rusiyanı strateji tərəfdaş kimi qəbul etsək belə, Rusiyanın silahlı qüvvələrinin müəyyən qrupları SOCAR-a və digər Azərbaycana məxsus obyektlərə, eləcə də Ukraynadakı Azərbaycan səfirliyinin binasına təsir göstərmiş ola bilər. Bu da istisna deyil. İndi isə digər strukturlar bu məsələyə öz münasibətləri və davranışları ilə cavab verməlidir", - deyə o vurğuladı.
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.