AZ

Məktəblərdə zorakılıq ARTIR: Müəllimlərin psixoloji vəziyyəti yoxlanmalıdır

“1 nömrəli orta məktəbdə baş verdiyi iddia edilən zorakılığa və buna oxşar faktlara təəssüf ki, məktəblərdə rast gəlirik. Əvvəllər Sovet dönəmində də belə hadisələr olurdu, ancaq o zaman sosial media olmadığı üçün bu məlumatlar o qədər ictimailəşmirdi və məktəbdə qalırdı”.

KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

O, bildirib ki, bu cür “tərbiyə təcrübəsi” olan müəllimlər hələ o dövrdən qalmaqdadır;

“Onlar uzun müddətdir müəllim fəaliyyətini davam etdirirlər. Ancaq təəssüf ki, bu gün belə hallar yalnız yaşlı müəllimlərdə deyil, həm orta yaşlı, həm də gənc müəllimlər tərəfindən də baş verir. Bu halların qarşısını almaq yalnız valideyn və məktəb münasibətlərinin tənzimlənməsi ilə mümkün deyil. Həmçinin, şagirdlər tərəfindən baş verən zorakılıq hallarının araşdırılması məktəb, müəllim və ailə arasında əməkdaşlıqla mümkündür”.

Onun sözlərinə görə, müəllimlər tərəfindən baş verən zorakılığın səbəblərinə gəldikdə isə, burada həm psixoloji, həm də ənənəvi səbəblər rol oynayır:

“Ənənəvi səbəblər, Sovet dövründə, sosial medianın olmadığı zamanlarda da mövcud olub, xüsusən kənd məktəblərində rast gəlinirdi. Psixoloji baxımdan isə, bu halların aradan qaldırılması üçün müəllimlərin işə qəbulu zamanı yalnız biliklərinə deyil, həm də psixoloji vəziyyətlərinə diqqət yetirilməlidir. Xüsusən azyaşlı şagirdləri tədris edən müəllimlər üçün psixoloji testlərin aparılması vacibdir”.

Sosioloq bildirib ki, bundan əlavə, yalnız psixoloji testlər kifayət deyil:

“Təcrübəli psixoloqlar tərəfindən müəllimlərlə üzbəüz söhbətlər aparılmalı, bu söhbətlərdən sonra onlara sinif rəhbərliyi kimi məsul vəzifələr tapşırılmalıdır. Bu üsul, müəllimlərin həm bilik, həm də psixoloji hazırlığını yoxlamaq üçün effektiv bir yol olar”.

Qeyd edək ki, Babək rayonunun Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbinin şagirdi iddia edib ki, təsviri incəsənət müəllimi ona və sinif yoldaşlarına zorakılıq edib.

Seçilən
153
50
konkret.az

10Mənbələr