“Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola “Barselona”ya prezident qismində qayıdacağı barədə yayılan fikirlərə münasibət bildirib.
90deqiqe.Az-ın "RAC1"ə istinadən məlumatına görə, Katalon klubuyla uzun illərə dayanan bağları olan mütəxəssis bu variantı real saymadığını deyib.
“‘Barsa’ fərqli klubdur, çünki hər kəs öz fikrini bildirir. Klubun içində olanlar daim yaranan səs-küyə reaksiya verməlidir. Elə buna görə də ‘Barselona’ dünyanın ən böyük və ən özəl klubudur — hamı onu təmsil etmək arzusundadır. Mən ‘Barsa’nı heç vaxt rədd etmirəm, çünki başlanğıcımızı unutmarıq. Amma qalstuk taxıb prezident lojiyasında oturmaq? Xeyr, özümü orada təsəvvür etmirəm”.
Qvardiola futbolçu kimi 1990–2001-ci illərdə “Barselona”nın formasını geyinib. Meydandan kənar karyerasında isə 2008–2012-ci illərdə katalon klubunu çalışdıraraq ən uğurlu dövrlərdən birinə rəhbərlik edib.