AZ

Goranboy rayon İcra Hakimiyyətində qalmaqal - RƏSMİ AÇIQLAMA

Goranboy rayon İcra Hakimiyyətində qalmaqal - RƏSMİ AÇIQLAMA

Goranboy Rayon İcra Hakimiyyəti qurumun binasında baş vermiş insidentlə bağlı açıqlama yayıb.

Bildirilir ki, Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında 05 noyabr 2025-ci il tarixində keçirilən vətəndaş qəbulu zamanı Qızılhacılı qəsəbə sakini Afiq Xanış oğlu İsgəndərov qanunsuz istifadə etdiyi ümumi istifadəli örüş torpaq sahələri, həmin torpaq sahələrində apardığı qanunsuz tikililər və ağac kəsimi ilə bağlı yerli bələdiyyə tərəfindən rayon Polis Şöbəsinə müraciət olunduğunu bildirib, buna görə həmin torpaq sahələrinin sənədləşdirilməsini və qanunsuzluqlarına göz yumulmasını təkidlə tələb edib.

“RİH başçısının müavini Zaur Əliyev bununla bağlı mövcud qanunvericiliyin tələblərini vətəndaşa izah etməyə çalışıb, lakin A.İsgəndərov qeyri-qanuni tələblərini uca səslə davam etdirib və münaqişə yaratmağa cəhd göstərib.

Bu barədə müvafiq Akt tərtib edilib və aidiyyəti üzrə rayon Polis Şöbəsi tərəfindən aparılmış qanunamüvafiq araşdırmanın nəticəsində məhkəmə qərarına əsasən, A.İsgəndərov barəsində 6 sutka inzibati həbs tədbiri görülüb.

Məlumat üçün bildiririk ki, A.İsgəndərov su idarəsinin icraçı direktoru deyil, Qızılhacılı Sudan İstifadəedənlər Birliyinin əməkdaşıdır”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, A.İsgəndərov məhkəmədə özünü Goranboy Su və Melorasiya İdarəsinin icraçı direktoru kimi təqdim edib.

***

Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etmiş şəxs həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib.

Belə ki, özünü rayonun Sudan İstifadəedənlər Birliyinin icraçı direktoru kimi təqdim edən Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü A.İsgəndərov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Zaur Əliyeva hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən şəxs məhkəməyə göndərilib.

A.İsgəndərov​ ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə qəbula gedib: “Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonu Sudan İstifadəedənlər Birliyində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Zaur Əliyev mənə bu barədə izah verdi. Lakin mən əsəbiləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım”.

İcra başçısının müavini isə qeyd edib ki, A.İsgəndərova digər vətəndaşlarla eyni münasibət göstərilib: “O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də, Goranboy RİH rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başladı. Hətta bununla kifayətlənməyərək məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi”.

Goranboy Rayon Məhkəməsinin qərarı ilə A.İsgəndərov 6 sutkalıq həbs edilib.

Seçilən
10
35
afn.az

10Mənbələr