Bakı, 17 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandasının üzvlərindən ilk olaraq Yekaterina Sariyeva mübarizəyə qoşulub. Üç təkanla tullanma növündə mübarizə aparan atletimiz uğurlu çıxışla yadda qalıb. Sariyevanın ən yaxşı göstəricisi 13,84 metr olub. Bu nəticə ilə o, mötəbər yarışda bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu, idmançımızın İslam Həmrəyliyi Oyunlarında 4-cü medalıdır. Y.Sariyeva 2013-cü ildə Palembanqda qızıl, 2021-ci ildə Konyada gümüş, 2017-ci ildə Bakıda bürünc medal qazanmışdı.