AZ

Uşaq cavabları valideyndən yox, internetdən alır - Hansı daha vacibdir?

"Valideynin övladına münasibəti onun gələcəkdə dünyanı necə görəcəyini müəyyən edir. Uşağa hər yaşda şəxsiyyət kimi yanaşmaq təkcə gözəl fikir deyil, psixoloji zərurətdir. Uşaq kiçik ola bilər, amma hissləri, qüruru, qorxuları və sevincləri tam realdır. Valideyn hər dəfə uşağın sözünü kəsəndə, onu dinləməyə tənbəllik edəndə, qışqırıq və təhqirə əl atanda, əslində yalnız həmin anı deyil, onun özünə münasibətini də zədələyir. Nəticədə uşaq böyüyəndə özünü dəyərsiz, lazımsız və ya daim kiminsə təsdiqinə möhtac hiss edir. Buna görə də evin içində sevgi ilə yanaşı, hörmət və sağlam sərhədlər olmalıdır".

Bu fikirləri Redaktor.az-a klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov valideynlərin özünəinamlı övlad yetişdirərkən diqqət etməli olduğu nüanslardan danışarkən bildirdi.

Onun sözlərinə görə, uşağın fikri soruşulduqda, ona izah edildikdə və qərarlarına müəyyən hədd daxilində iştirak imkanı verildikdə, o, özünü insan hesab etməyi öyrənir və bu da özünə inamın əsasını qoyur.

Sosial

"Bu gün internet dövrüdür. Valideynlə uşaq arasında əlaqə zəifləyəndə, uşaq cavabları valideyndən yox, internetdən almağa başlayır. Ailədə dialoq, hörmət və açıq ünsiyyət olmadıqda, uşağı dinləyən bircə ekran qalır. Bu isə böyük təhlükədir. Çünki internetdə onu kim qarşılayacaq? Səmimi və düzgün mənbə, yoxsa manipulyasiya edən, aldadan və nəzarəti ələ almağa çalışan biri? Uşaq özünü dəyərli hiss edəndə, güclü şəxsiyyət kimi formalaşanda, o, təhlükəli təsirləri tez tanıyır və onlardan uzaq durur. Valideyn hər an övladının yanında ola bilməz, lakin verdiyi dəyər, yaratdığı güvən və möhkəm tərbiyə uşağı həm internetin, həm də ümumiyyətlə dünyanın risklərinə qarşı daha dayanıqlı edir. Məqsəd uşağı dünyadan gizlətmək deyil, onu bu dünyanın içində özünü qoruya biləcək qədər güclü böyütməkdir", - deyə müsahibimiz vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
299
21
redaktor.az

10Mənbələr