Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) dabaq xəstəliyinin ölkəmiz üçün xarakterik olmayan SAT-1 serotipinə qarşı tədbirlərə başlayıb.
FED.az bu barədə nazirliyə istinadən xəbər verir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST/WOAH) birgə məlumatına əsasən, dabaq (Foot-and-Mouth Disease–FMD) xəstəliyinin əsasən Cənubi Afrika üçün xarakterik olan SAT-1 (Southern African Territories) serotipi son aylarda Yaxın Şərq və Qərbi Avrasiya regionlarında aşkar edilib. Türkiyə, Gürcüstan, İraq və Azərbaycanın da daxil olduğu üçüncü epidemioloji hövzə ərazisində Türkiyə və İraqda xəstəliyin SAT-1 serotipinin yayılması rəsmi təsdiqini tapıb.
Bu səbəbdən FAO və ÜHST müvafiq ölkələrə biotəhlükəsizlik, monitorinq və peyvəndləmə tədbirlərinin gücləndirilməsini, həmçinin xəstəliyə qarşı erkən xəbərdarlıq və cavab mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib.
Bölgədə dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma risklərini nəzərə alaraq AXA builki peyvəndləmə planından kənar dabaq xəstəliyinin həmin serotipinə qarşı əlavə peyvənd alıb və aidiyyəti qurumlarla razılaşdılmaqla profilaktik peyvəndləmə tədbirlərinə başlayıb.
Bildiririk ki, peyvənd tədarükü və peyvəndləmə tədbirlərinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Artıq peyvənd vasitəsinin müəyyən hissəsi ölkəmizə gətirilib və sərhədboyu ərazilərdə dabaq xəstəliyinin SAT-1 serotipi üzrə peyvəndləmə işlərinə başlanılıb. Həyata keçiriləcək profilaktik tədbirlər dabaq xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının və heyvandarlıq sahəsində itkilərin qarşısını almağa xidmət edir.
AXA FAO və ÜHST tövsiyələri nəzərə alınmaqla epizootik sabitliyin qorunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və peyvəndləmə tədbirlərinin operativ həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.