AZ

Azərbaycan-Mərkəzi Asiya münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması ölkəmizə Mərkəzi Asiya ilə bağlı keçirilən bütün görüşlərdə iştirak etməyə, öz mövqeyini daha prinsipial şəkildə ortaya qoymağa, bu coğrafiyada nüfuzunu və aktivliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Buna görə də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması faktı Prezidentimizin və dövlətimizin ən böyük uğurlarından biri kimi dəyərləndirilməlidir”.

Bunu Hafta.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik deyib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası daxilindəki birlik və inteqrasiya prosesinə müsbət təsir göstərəcək:

“Türk Dövlətləri Təşkilatının fəaliyyətində ciddi irəliləyişlər müşahidə edilməkdədir. Bu quruma üzv olan ölkələr arasında siyasi-iqtisadi və mədəni əlaqələrin sürətli inkişafı, hərbi əməkdaşlıq məsələlərinin aktiv müzakirəyə çıxarılması Türk dünyası daxilindəki birlik əzmini əks etdirir. Bu mənada, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması türk dövlətləri daxilindəki birliyi daha da gücləndirəcək, Türk dünyasının qlobal müstəvidə vahid strategiya sərgiləməsi üçün geniş imkanlar açacaq”.

C.Xəlilov yaxın gələcəkdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında beynəlxalq əhəmiyyətli layihələrin də reallaşacağına diqqət çəkib. Qeyd edib ki, Azərbaycan Mərkəzi Asiyanın enerji ehtiyatlarının dünya bazarına, xüsusilə Avropa bazarına çıxarılması baxımından böyük perspektivə malikdir:

“Azərbaycan Prezidentinin son açıqlamalarından da məlum olur ki, yaxın gələcəkdə Mərkəzi Asiya ilə Azərbaycan arasında beynəlxalq əhəmiyyətli yeni layihələr gerçəkləşəcək. Bunlardan biri Xəzərin dibi ilə fiber-optik kabelin, digəri isə elektrik kabelinin çəkilməsidir. Bu iki nəhəng layihə bir daha sübut edir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələr sürətlə genişlənməkdədir və əlaqələrin bu şəkildə inkişafı türk dövlətləri arasında digər müstəvilərdə də əlaqələrin inkişafına imkan yaradacaq”.

C.Xəlilov vurğulayıb ki, son üç il ərzində Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinə 14 dəfə, Mərkəzi Asiya dövlətlərinin rəhbərləri isə ölkəmizə 23 dəfə səfər edib. Onun fikrincə, məhz bütün bu görüşlərin nəticəsidir ki, bu gün Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

"Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə ölkəmizlə bağlı qərar bunu bir daha sübut edir", - polkovnik qeyd edib.

Tahirə Qafarlı

Seçilən
3
4
hafta.az

10Mənbələr