AZ

Sosial şəbəkələr və ədalət mühakiməsi MƏŞHUR VƏKİL YAZIR

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Yeni dövrdəyik. Elə bir dövr ki, bugün bir cinayət işi məhkəmə zalına çatmamış, artıq TikTok-da, X (keçmiş Twitter), Facebook-da “hökm” çıxarılır.

Hashtag-lar, canlı yayımlar, “reaksiya videoları” və anonim şərhlər klassik “məclis söhbətlərini” əvəz edib. Sual budur: bu yeni informasiya mühiti ədalət mühakiməsini necə dəyişir? Və ən mühümü – tam müstəqil məhkəremə sistemi hesab etdiyimiz ABŞ və Almaniya belə sosial şəbəkələrin təzyiqindən tam kənarda qala bilirmi?

“Məhkəmə zalı”ndan kənarda ikinci məhkəmə: nə dəyişib?

Ənənəvi media dövründə də “trial by media” – yəni işin qəzetlərdə, televiziyada faktiki məhkəmə kimi müzakirəsi – hüquqşünasların narahatlıq mövzusu idi.

Amma sosial şəbəkələr bu fenomeni keyfiyyətcə dəyişdi:

• Sürət və miqyas: Məlumat (və dezinformasiya) saniyələr içində milyonlarla insana çatır.

• Alqoritm effekti: Platformalar senzasiya və emosiyanı “mükafatlandırdığı” üçün, daha aqressiv, ittihamedici və “linç” xarakterli kontent önə çıxır.

• Əbədi arxiv: Bir şəxs sonradan bəraət alsa belə, onunla bağlı “guilty” narrativi illərlə internetdə qalır, presumpsiya faktiki olaraq tərsinə çevrilir

Avropa layihələrində presumpsiya ilə media münasibətlərini araşdıran müəlliflər göstərirlər ki, yüksək rezonanslı işlərdə media çox vaxt təqsirsizlik prezumpsiyasına riayət etmir; şəxs rəsmi hökm olmadan “cinayətkar” kimi təqdim olunur, şəxsi detallar şüurlu şəkildə mənfi fon yaradan tərzdə seçilir.

Bu mənzərəni fon kimi götürüb, iki fərqli modelə – ABŞ və Almaniyaya – baxaq.

ABŞ: jüri sistemi və “trial by TikTok”

ABŞ-da cinayət işlərinin az da olsa bir qismi, lakin lakin məhz ictimai rezonans doğuran hissəsi, juri ilə baxılır. yəni adi vətəndaşlar sosial şəbəkədə hər gün gördükləri xəbərlərlə, şərhlərlə eyni zamanda məhkəmə prosesinin iştirakçısına çevrilirlər. Bu da bir neçə xüsusi riski gücləndirir.

Jüri və sosial media: praktik problem

ABŞ-da aparılan tədqiqatlar göstərir ki, sosial media istifadə edən münsiflər (jurors) işlə bağlı əlavə məlumat axtarmağa, öz fikirlərini onlayn bölüşməyə və proses zamanı kənar təsirlərə daha açıq olurlar. Məhz buna görə federal hakimlər və tədqiqatçılar jüri üzvlərinə sosial şəbəkələrdən istifadəyə dair daha sərt təlimatların zəruriliyini vurğulayırlar.

Digər eksperimental araşdırma isə göstərib ki, məhkəmə başlamazdan əvvəl sosial şəbəkədə mənfi şərhlərə məruz qalan “mock jury” qrupları neytral və ya müsbət şərhlərlə üzləşən qruplardan daha çox ittihamedici mövqe tutur.

Yəni, hashtag altında yazılan bir neçə emosional şərh real anlamda “günahkar” səsinin faizi ilə nəticələnə bilər.

Blockbuster” məhkəmələr və sosial şəbəkə iqtisadiyyatı

ABŞ-da Depp v. Heard, müxtəlif “celebrity” cinayət işləri, eləcə də Trump-a qarşı proseslər təkcə məhkəmə işi deyil, həm də sosial media şousuna çevrilir. 2025-ci ilin yazında dərc olunan bir analitik yazıda qeyd olunur ki, amerikalılar bu tip “blockbuster” məhkəmələri TikTok, Instagram və YouTube-da “live kommentari” ilə izləyir, yüz minlərlə profil hüquqi şərh, “reaksiya” və hətta “öz hökmünü” verir.

Eyni tendensiya hazırda reper Sean “Diddy” Combs-un seks-traffik işi ətrafında da müşahidə olunur: onun çoxillik ictimai imici, barəsində çəkilmiş sənədli filmlər, podkastlar və sosial şəbəkə kampaniyaları fonunda Nyu-Yorkda münsif seçimi prosesi özlüyündə bir “siyasi sınaq”a çevrilib; tərəflər potensial münsiflərin sosial media aktivliyini araşdırır, hakim isə onları mediadan təcrid etmək üçün əlavə tədbirlər görməyə məcbur olur.

ABŞ-ın klassik cavabı: ifadə azadlığı + müdafiə mexanizmləri

ABŞ hüququ, Birinci Düzəliş (First Amendment) səbəbilə mətbuat və sosial şəbəkə ifadəsinə çox geniş sərhədlər qoyur; mediaya yalnız “açıq və yaxın təhlükə” hallarında ciddi məhdudiyyət tətbiq etmək mümkündür. Bunun əvəzində sistem daha çox daxili prosessual müdafiə mexanizmlərinə arxalanır:

• məhkəmə yerinin dəyişdirilməsi (change of venue),

• münsiflərin təcrid edilməsi (sequestration),

• genişlənmiş voir dire – potensial münsiflərin sosial media, əvvəlki fikirləri, biasları barədə detallı sorğu,

• hakimlərin münsiflərə təkrar-təkrar “sosial media qadağası” təlimatı verməsi.

Almaniya: peşəkar hakimlər, sərt hüquq, amma sosial şəbəkə yenə meydandadır

Almaniyada cinayət mühakiməsində əsas qərar verənlər peşəkar hakimlərdir; Almaniya modelində Schöffen (yəni qeyri-peşəkar hakimlər) peşəkar hakimlərlə birlikdə qərar verir. Onlar təmiz “jüri” deyil, qarışıq sistemin bir hissəsidir..Bu, sosial media təzyiqini azaldırmı? Qismən – bəli. Amma tam yox.

Alman hüququnda hakimlərin qərəzsizliyi barədə şübhə yaradan hərəkətlər, o cümlədən onların ictimai, sosial şəbəkə çıxışları əsasında hakimdən imtina (Ablehnung wegen Befangenheit) üçün əsas hesab oluna bilər. Hüquq ədəbiyyatında vurğulanır ki, sosial şəbəkədəki paylaşım və şərhlər də hakim barəsində “müstəqil və qərəzsiz deyil” təsəvvürü yaradırsa, bu, məhkəmə tərkibinə etiraz üçün kifayət ola bilər.

Başqa sözlə: Almaniyada hakimlərin sosial mediada “emosional” mövqe ifadə etməsi təkcə etik məsələ deyil, həm də prosessual nəticələrə gətirib çıxara bilər.

Yüksək rezonanslı siyasi işlər və ictimai təzyiq

Son illər Almaniyada bir neçə rezonanslı məhkəmə prosesi ictimai rəydə və mediada güclü müzakirələr doğurub: məsələn, AfD-nin radikal fiquru Björn Höcke-yə qarşı nasist şüarı işlətməyə görə cinayət işi Almaniyanın həm ifadə azadlığı, həm də nasizmə qarşı “tarixi məsuliyyət” siyasətini gündəmə gətirdi. Höcke-nin günahkar bilinib pul cəriməsi ilə cəzalandırılması bu balansın konkret təzahürü oldu.

Eyni zamanda, sağ-radikal “Reichsbürger” şəbəkəsinin dövlət çevrilişinə cəhd ittihamı ilə çoxsaylı sanballı prosesləri Almaniyada ictimai təhlükəsizlik və hüquqi dövlət prinsiplərinin sınağı kimi təqdim edildi; bu işlər də sosial media diskursunda geniş rezonans aldı.

Bu işlər göstərir ki, Almaniya məhkəmələri öz nüfuzunu qorumaq üçün həm sərt hüquqi çərçivəyə, həm də siyasi-etik legitimliyə güvənir. Amma fonunda sosial şəbəkələrdə aparılan kampaniyalar (məsələn, “siyasi motivli məhkəmədir” narrativi) hakimlərin tam “səs keçirməyən kamerada” çalışmadığını göstərir.

Avropa İttifaqının presumpsiya standartı

Almaniya eyni zamanda Avropa İttifaqının “Təqsirsizlik Prezumpsiyasının Gücləndirilməsi üzrə 2016/343 saylı” Direktivinə tabedir. Bu Direktiv açıq şəkildə deyir: bir şəxs təqsirli hesab olunana qədər dövlət orqanlarının ictimai açıqlamalarında ona “guilty” kimi istinad etmək olmaz; yalnız istintaq və ya ictimai maraq baxımından zəruri olan məlumatlar neytral dildə verilə bilər.

Yəni ABŞ-dan fərqli olaraq, Avropa modelində sosial şəbəkə təzyiqinin qarşısı ifadə azadlığını məhdudlaşdırmaqdan çox, dövlət orqanlarının öz dillərini və kommunikasiya praktikasını hüquqi çərçivəyə salmaqla alınır.

Yəni ABŞ modeli sosial şəbəkələri susdurmağa deyil, “ifrat azadlığı” şəraitində ədalət mühakiməsini qorumağa çalışır. Bu isə həm bahalı, həm də həmişə effektiv olmayan mexanizmdir.

Avropa Məhkəməsi: 6-cı maddə və “prejudicial publicity”

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) uzun illərdir ki, media və ədalət mühakiməsi münasibətlərini Avropa İnsan Hüquqları Konvensiyasının iki maddəsi – Maddə 6 (ədalətli məhkəmə) və Maddə 10 (ifadə azadlığı) çərçivəsində balanslaşdırır. AİHM-in 6-cı maddə üzrə təlimatlarında “prejudicial publicity” – yəni məhkəmədən əvvəl və ya proses vaxtı təqsirləndirilən şəxsin günahkar obrazını formalaşdıran informasiya – ayrıca risk kimi qeyd olunur.

Məhkəmənin yanaşması sadədir:

• təkcə geniş media işıqlandırması faktı avtomatik pozuntu demək deyil;

• amma dövlət məmurlarının, prokurorların, bəzi hallarda hakimlərin açıqlamaları günahkar obrazı yaradırsa, bu, presumpsiyanı pozur;

• məhkəmələr həm qərarlarında, həm də ictimai açıqlamalarında “de-facto guilty” dili işlədə bilməz.

Son illərdə AİHM-in Narbutas v. Lithuania işi (və ona dair şərhlər) “trial by media” şəraitində şəxsə cavab haqqı verilməsinin vacibliyini önə çəkir: əgər media və dövlət birlikdə şəxs haqqında mənfi narrativ qurursa, onu tək buraxmaq olmaz, balanslaşdırıcı mexanizmlər (düzəliş, cavab hüququ, formal instansiyalar) təmin olunmalıdır.

Bu yanaşma sosial şəbəkələr dövründə də aktualdır: platforma dəyişsə də, hüquqi prinsip eynidir – ədalətli məhkəmə üçün presumpsiyanın “informasiya mühitində” də qorunması lazımdır.

“Trial by social media”nin real təhlükələri və müəyyən faydaları

Mövcud tədqiqatlar və məhkəmə təcrübələri aşağıdakı riskləri xüsusi vurğulayır:

• Presumpsiyanın “de-facto ləğvi”: kütləvi linç kampaniyaları (məsələn, #X_is_a_rapist, #AmberHeardIsALiar tipli hashtag-lar) cəmiyyətdə faktiki “günahkar” obrazı yaradır.

• Münsif və şahidlərə psixoloji təzyiq: davamlı sosial media fonu münsiflərdə və şahidlərdə “əks tərəf haqqımızda nə yazacaq?” qorxusu yaradır, ifadələr ya sərtləşir, ya da ehtiyatlı-cansız olur.

• Hakimlərin şüursuz təsirlənməsi: hakimlər peşəkar olsalar da, ardıcıl və emosional mediaya məruz qalma onların şüuraltı qənaətlərinə təsir edə bilər – bunu beynəlxalq ədəbiyyat açıq şəkildə qeyd edir.

• Uzunmüddətli reputasiya zərəri: bəraət almış şəxslərin belə adını axtaranda ilk çıxan nəticələr çox vaxt “cinayət şübhəlisi”, “günahkar” narrativini təkrarlayır.

Eyni zamanda, sosial şəbəkələrin tamamilə mənfi olduğunu demək də düzgün olmazdı:

• korrupsiya və sui-istifadə hallarında ictimai nəzarəti gücləndirir,

• marginal qruplara (məsələn, ailədaxili zorakılıq qurbanlarına) səsini eşitdirmək imkanı verir,

• bəzi ölkələrdə məhkəmə sisteminin öz daxilində hesabatlılıq mexanizmləri zəif olduğu üçün, sosial şəbəkələr faktiki “yedək nəzarət” funksiyası daşıyır.

Qısa desək: platforma neytraldır, onu təhlükəli edən tənzimlənməmiş istifadənin və məsuliyyətsiz aktorların kombinasiyasıdır.

Azərbaycan üçün dərslər: susdurmaq yox, oyunun qaydalarını müəyyənləşdirmək

ABŞ və Almaniya təcrübəsi, eləcə də Avropa standartları bir neçə aydın nəticə çıxarmağa imkan verir:

Dövlət orqanlarının dili: “tutduq, cinayətkar saxlanıldı” ləğv olunmalıdır

• Daxili işlər, prokurorluq, xüsusi xidmət orqanlarının press-relizləri və sosial media paylaşımlarında tutulan şəxslərə “cinayətkar”, “mütəşəkkil dəstə”nin üzvü kimi qəti dildə istinad presumpsiyanı pozur.

• Avropa Direktivinin məntiqini milli qanunvericiliyə gətirmək olar: “şübhəli”, “təqsirləndirilən”, “günahı sübuta yetirilsə, X maddəsi ilə cəzalandırıla bilər” formulaları institutlaşdırılmalıdır

Hakimlərin və məhkəmələrin sosial media davranış kodeksi

• Hakimlərin proseslə bağlı, hətta dolayı formada şərh verməsi, paylaşımları, “like” və şərhləri belə qərəz şübhəsinə səbəb ola bilər. Almaniya təcrübəsindəki kimi, bunun hakimdən imtina üçün real əsas yaradacağı açıq qaydada təsbit olunmalıdır.

• Məhkəmə sədrləri və aparat üçün rəsmi kommunikasiya kanalları (press xidmətləri, ictimai dinləmələr, iclasların açıq yayımları) gücləndirilməlidir ki, informasiyanın boşluğunu şayiə və anonim hesablar doldurmasın.

Vəkillər üçün “ictimai çıxış” etikası

Bu, bilavasitə bizim peşə sahəmizdir:

• Müdafiəçi üçün ictimailəşdirmə çox vaxt yeganə effektli müdafiə alətidir, amma bu, “əvvəl ictimaiyyət qarşısında hökm, sonra məhkəmədə müdafiə” formasına çevrilməməlidir.

• Yüksək rezonanslı işlərdə vəkilin sosial şəbəkə çıxışları prosesin özünə xələl gətirməyən, faktlara söykənən, şəxsi ləyaqəti alçaltmayan çərçivədə qurulmalıdır.

• Bəzi ölkələrdə olduğu kimi, vəkil palataları üçün ayrıca “social media guidance” qəbul etmək mümkündür.

Media və bloqerlər üçün yumşaq tənzimləmə və özünütənzimləmə

• Cinayət haqqındakı xəbərlərdə “tutuldu”, “ittiham olunur”, “məhkəmə baxacaq” kimi neytral ifadələr təşviq edilməli, “cinayətkar tutuldu”, “qatil yaxalandı” tipli başlıqlar tənqid olunmalıdır.

• Jurnalist təşkilatları və media şuraları üçün presumpsiya ilə bağlı ayrıca etik kodeks və tövsiyələr hazırlanmalıdır (Avropa Şurası və ARISA layihəsinin sənədləri bu baxımdan hazır “şablon” verir).

Platformalar və texnoloji tərəf

Qısa perspektivdə sosial media platformalarını ciddi hüquqi öhdəliklərə bağlamaq çətindir. Amma:

• məhkəmə prosesinə dair hədə-qorxu, nifrət nitqi, morq şəkilləri, zorakılıq səhnələri kimi ekstrem kontent üçün şikayət mexanizmlərinin işləkliyini artırmaq;

• şəxsin bəraəti və ya işin xitamı halında, onunla bağlı əvvəlki xəbərlərə “update” qoyulması (məsələn, “bu şəxs sonradan bəraət alıb”) üçün media ilə platformalar arasında etik razılaşmalar;

kimi yumşaq mexanizmlər belə faktiki hüquqi müdafiə yarada bilər.

Nəticə: Ədalət mühakiməsinə “sükut kamerası” yox, şüurlu müdafiə lazımdır

Sosial şəbəkələri “söndürmək” nə realdır, nə də arzuolunandır. ABŞ modeli bizə göstərir ki, tam sərbəst media mühitində belə ədalətli məhkəməni qorumaq üçün çox bahalı və həmişə effektli olmayan müdafiə mexanizmləri tələb olunur. Almaniya və ümumilikdə Avropa modeli isə göstərir ki, əsas məsuliyyət dövlət orqanlarının, hakimlərin və peşəkar iştirakçıların üzərinə düşür:

– dildə,

– kommunikasiya mədəniyyətində,

– presumpsiyanı “kültür”ə çevirməkdə.

Azərbaycan reallığında da məsələ “sosial şəbəkələr ədalətə mane olurmu?” yox, daha çox “bizim məhkəmə və hüquq mədəniyyətimiz bu yeni informasiya mühitinə hazırdırmı?” sualıdır.

Cavad Cavadov

Vəkil

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
212
47
icma.az

10Mənbələr