AZ

Aygün Attar: Azərbaycan Qarabağ Qələbəsini qlobal geosiyasi üstünlüyə çevirir

Bakı, 18 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Qarabağ Zəfəri yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, həm də Cənubi Qafqazdan başlayaraq geniş Avrasiya coğrafiyasında yeni siyasi düzən formalaşdırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi rəşadət nəticəsində 44 gün davam edən Vətən müharibəsi təkcə hərbi Qələbə deyil, həm də geosiyasi baxımdan qlobal güc balansını dəyişdirən dönüş nöqtəsinə çevrildi. “Azərbaycan dövlətinin və xalqının birliyinin təcəssümü olan həmin Zəfər təkcə Ermənistan üzərində Qələbə deyil, eyni zamanda, regionda yeni siyasi güc mərkəzinin formalaşması idi”, - deyə A.Attar vurğulayıb.

O qeyd edib ki, bu uğurun davamı kimi Azərbaycan bu gün diplomatik arenada ardıcıl, məqsədyönlü və strateji addımlar atır. Xüsusilə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Prezident İlham Əliyevin üçüncü dəfə iştirakı, həm də tamhüquqlu tərəfdaş statusu ilə çıxış etməsi tarixi əhəmiyyət daşıyır.

“Azərbaycan bu platformada bərabərhüquqlu üzv kimi qəbul edilərək yeni siyasi formatın təşəkkül tapmasına yol açdı. Mərkəzi Asiya ölkələrinin Azərbaycanla əməkdaşlığa xüsusi rəğbət göstərməsi, imzalanan saziş və protokollar bu inteqrasiyanın təsadüfi olmadığını sübut edir. Bu proses dünya siyasətində geniş rezonans doğurdu və artıq qlobal analitik mərkəzlər tərəfindən də ciddi şəkildə izlənilir”, - deyə Aygün Attar bildirib.

Professor, həmçinin Azərbaycanın tarixi İpək Yolunun qovuşuğunda yerləşən nadir strateji məkan olduğunu vurğulayaraq əlavə edib: “Ölkə təkcə regionda deyil, Avrasiyada da əsas geosiyasi aktora çevrilib. Prezident İlham Əliyevin Mərkəzi Asiya ilə əməkdaşlıq istiqamətində atdığı bu addım Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası” konsepsiyası baxımından son yüz ilin ən böyük geosiyasi gedişlərindən biri hesab edilə bilər”.

Aygün Attar sonda qeyd edib ki, Qarabağ Zəfəri artıq Azərbaycan üçün başlanğıc nöqtəsinə çevrilib. Azərbaycan bu Qələbəni diplomatik, iqtisadi və siyasi arenada yeni zirvələrə daşıyır və onu strateji uğurlarla taclandırır. Bu gün Azərbaycanın yeni həmləsi təkcə regional deyil, həm də qlobal güc balansını dəyişdirəcək əhəmiyyətə malikdir.

Seçilən
11
1
azertag.az

2Mənbələr