"Qətnamə Fələstin dövlətinə gedən yolu müəyyənləşdirir və Trampın "Sülh Şurası" ideyasını beynəlxalq səviyyədə qüvvəyə mindirir..."
Qəzza üçün Trampın 20 maddəli planı beynəlxalq səviyyədə dəstəkləndi
BBC-nin məlumatına görə, BMT Təhlükəsizlik Şurası ABŞ-ın təqdim etdiyi qətnaməni təsdiqləyib. Sənəd prezident Donald Trampın Qəzza bölgəsinin gələcəyi ilə bağlı 20 maddəli planına əsaslanır. Qətnaməyə 13 ölkə səs verib, Rusiya və Çin isə bitərəf qalıb.
Qətnamənin əsas müddəaları arasında beynəlxalq qüvvələrin Qəzza bölgəsində təhlükəsizliyi təmin etməsi, HƏMAS-ın silahsızlaşdırılması, Fələstin dövlətinə gedən yolun formalaşdırılması və İsrailin mərhələli şəkildə çıxması, həmçinin Trampın rəhbərliyi altında "Sülh Şurası"nın yaradılması nəzərdə tutulur. Sənədin təsdiqi planın beynəlxalq çəki qazanmasına və regiondakı siyasi proseslərin əsasını təşkil etməsinə şərait yaradacaq.
ABŞ və İsrailin reaksiyası
ABŞ-ın BMT-dəki nümayəndəsi Mayk Uolts qətnaməni "sülhə doğru irəliləmək imkanı" adlandırıb və qeyd edib ki, sənədə qarşı səs vermək müharibənin yenidən alovlanmasını dəstəkləmək deməkdir. ABŞ planı həmçinin İsrail girovlarının azad olunması ilə bağlayır.
İsrailin BMT-dəki səfiri Dani Danon HƏMAS-ın silahsızlaşdırılmasını Qəzzanın gələcəyi üçün vacib şərt adlandırıb. Rəsmi olaraq İsrail ABŞ planına qarşı çıxmasa da, baş nazir Binyamin Netanyahunun Fələstin dövlətinə qarşı sərt mövqeyi dəyişməz qalır. Sənədin mətni isə ərəb ölkələrinin tələbi ilə Fələstin dövlətçiliyi məsələsini əhatə edir.
HƏMAS və alternativ yanaşmalar
HƏMAS qətnaməni kəskin tənqid edib, sənədi "təhlükəli" və Qəzzanı beynəlxalq idarəyə tabe etmək cəhdi adlandırıb. Təşkilat xarici qüvvələrin yerləşdirilməsinə etiraz edir və bunun "Fələstin xalqının suverenliyinə müdaxilə" olduğunu bildirir.
Paralel olaraq, BMT-də Rusiya planı da müzakirə olunur. Bu plan da beynəlxalq qüvvələrin Qəzzada yerləşdirilməsini nəzərdə tutur, lakin Trampın :Sülh Şurası"nı daxil etmir və HƏMAS üçün daha əlverişli hesab olunur. Hələlik Rusiya layihəsinin səsverməyə çıxarılıb-çıxarılmayacağı məlum deyil.
Trampın mövqeyi
"Truth Social" sosial şəbəkə üzərindən açıqlama verən Donald Tramp qətnaməni "tarixi an" adlandırıb: "BMT Təhlükəsizlik Şurasında mənim rəhbərliyim altında Sülh Şurasının yaradılmasını təsdiqləyən möhtəşəm səsverməni bütün dünyaya təbrik edirəm. Bu, BMT tarixində ən böyük qərarlardan biri olacaq və dünya üzrə sülh üçün yeni nailiyyətlər gətirəcək". O, yaxın həftələrdə "çoxsaylı sevindirici və önəmli açıqlamaların" ediləcəyini vəd edib.