Bakı, 18 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC25) Azərbaycanda keçirilməsi ölkənin rəqəmsal inkişaf sahəsində əldə etdiyi uğurların və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin əyani sübutudur. Bakı bu tədbirə ev sahibliyi etməklə həm regional, həm də qlobal müzakirələrin mərkəzinə çevrilir. Ölkədə internetdən istifadə səviyyəsinin 90 faizə çatması, mobil abunəçilərin sayının 100 faizi keçməsi və genişmiqyaslı rəqəmsal dövlət layihələrinin icrası Azərbaycanın bu sahədə qətiyyətli addımlar atdığını göstərir. Xüsusilə Orta Dəhliz marşrutu və Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel Azərbaycanı regionun rəqəmsal körpüsünə çevirir. Bütün bunlar WTDC25-in Bakıda keçirilməsini həm rəmzi, həm də strateji cəhətdən mühüm hadisəyə çevirir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibinin müavini Tomas Lamanauskas deyib. Müsahibəni təqdim edirik.
– Siz ötən il COP29 üçün Bakıda idiniz, indi isə WTDC25 üçün buradasınız. Təcrübəniz Azərbaycanda qlobal məsələlər üzrə görülən işlər haqqında nə deyir?
–Həqiqətən də Azərbaycan qlobal məsələlərdə böyük rol oynayır. COP29 üçün Bakıda olmaq böyük məmnunluq idi. Bundan əvvəl də iki il ardıcıl olaraq Bakı Forumunda iştirak etmişdim. İndi isə Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı üçün buradayam. İqlimdən rəqəmsal inkişafa qədər hər iki istiqamətdə regionun çox vacib təşəbbüslərlə çıxış etdiyini görürük. Rəqəmsallaşmanın sürətli inkişafı enerji istifadəsi və iqlim gündəliyinə müəyyən çətinliklər yaratsa da, eyni zamanda, iqlim izləmə, sektoral emissiyaların idarə olunması və dəyişən ekoloji şəraitə uyğunlaşma baxımından böyük imkanlar açır.
Bundan başqa, rəqəmsal texnologiyalar günümüzdə iş imkanlarına, səhiyyə və təhsil xidmətlərinə çıxış baxımından çox böyük rol oynayır. Bütün bunlar Bakıda keçirilən bu konfransın da əsas hədəflərindən biridir: rəqəmsal texnologiyaların yaratdığı imkanların hər kəsə çatmasını təmin etmək və bu sahədə qlobal əməkdaşlığı gücləndirmək.
– Azərbaycanın rəqəmsal transformasiya addımlarını necə qiymətləndirirsiniz?
– Məncə, bunlar çox təsiredici göstəricilərdir. Azərbaycanda internetdən istifadə səviyyəsi 90 faizə yaxındır. Mobil istifadə isə 100 faizi keçir. Hökumətin rəqəmsal dövlət xidmətlərinə və infrastrukturuna böyük sərmayələr qoyması rəqəmsal inkişafın prioritet olduğunu göstərir.
Burada nazir və digər rəsmilərlə çox səmərəli danışıqlarımız oldu. Azərbaycan təkcə özünün deyil, regionun da rəqəmsal inkişafına töhfə verir. Xüsusən Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz və Xəzərin dibindən keçən fiber-optik kabel layihələri buna bariz nümunədir. Bu təşəbbüslər Azərbaycanın regional və qlobal səviyyədə mühüm rol oynadığını göstərir.
– WTDC25 BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi kimi ITU-nun geniş fəaliyyətində hansı rolu oynayır?
– WTDC bizim dörd əsas konfransımızdan biridir və hər dörd ildə bir dəfə keçirilir. Bu tədbir rəqəmsal inkişaf üçün fəaliyyət proqramının müəyyən olunmasında mühüm rol oynayır. Başqa sözlə, inkişaf etmiş rəqəmsal texnologiyaların dünyada hər kəsə çatdırılması istiqamətində fəaliyyətləri istiqamətləndirir.
Konfrans həm regional təşəbbüslərin müəyyənləşdirilməsi, həm də inkişaf məqsədləri üzrə siyasi öhdəliklərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu, bütün regionlarda müasir rəqəmsal texnologiyalara çıxışın təmin edilməsi üçün qlobal bir əməkdaşlıq platformasıdır.
– Bakı ilə tanış ola bildiniz? Şəhər haqqında təəssüratınızı bilmək maraqlı olardı...
– Bu dəfə WTDC25 Konfransına ev sahibliyi etməyimiz səbəbindən çox vaxtımız olmur. Təxminən 150 ölkədən 2000-dən artıq nümayəndə buradadır. Hamının özünü rahat hiss etməsi və səmərəli müzakirələr aparması üçün çalışırıq.
Lakin buraya birinci səfərim deyil. Əvvəlki səfərlərimdə İçərişəhəri gəzmək, Azərbaycan mətbəxindən zövq almaq imkanım olub. Bu səfərdə də bir neçə rəsmi naharda Azərbaycan qonaqpərvərliyini hiss etdik. Bu dəfə yalnız Xəzər sahili boyunca qaçışa çıxmağa vaxt tapa bildim. Bakı gözəl şəhərdir – hava, infrastruktur və bu əla konfrans mühiti bir araya gəlir.