BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləmlə görüş keçirib.
Bu barədə TurkicWorld-ə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycanda su idman növlərinin inkişafı, infrastruktur imkanları və "World Aquatics" ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd olunub ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və idmançılar hər zaman dövlət tərəfindən xüsusi diqqət və dəstək görürlər.
Baş nazir ölkəmizdə son illərdə yaradılan müasir idman infrastrukturu barədə məlumat verib. Bildirilib ki, Azərbaycan regionlar da daxil olmaqla onlarca olimpiya-idman kompleksinin inşası ilə bu sahədə nümunəvi təcrübə formalaşdırıb. Bunun nəticəsi olaraq ölkəmiz bir çox beynəlxalq yarışlara və dünya səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin su idman növlərinin ölkəmizdə inkişafı, kütləviliyin artırılması, habelə WA ilə əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb.
Görüşdə gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev iştirak ediblər.