İşğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr regionun bütün inkişaf mənzərəsini köklü şəkildə dəyişib.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclasında deyib.
Qərargah rəhbəri deyib ki, dövlət başçısı işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib:
"Böyük Qayıdışın inteqrasiyalı yanaşma ilə təmin olunmasının real nəticələr verdiyi və artıq "İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı"nın, 8 şəhərin Baş planının, 3 şəhərin isə Müfəssəl planının təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir".
Qeyd edilib ki, Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib.