AZ

Nümayəndələr Palatası Epşteyn işi üzrə materialların açıqlanmasını tələb edən qanunu qəbul edib

“Epşteyn materiallarının şəffaflığı haqqında akt” böyük səs çoxluğu ilə təsdiqlənib…

Poliqon xəbər verir ki, ABŞ Nümayəndələr Palatası məşhur maliyyəçi Ceffri Epşteyn işi üzrə bütün məhkəmə materiallarının ictimaiyyətə açıqlanmasını tələb edən qanun layihəsini böyük üstünlüklə qəbul edib. “Epşteyn materiallarının şəffaflığı haqqında akt” adlanan sənəd 427 səs lehinə olmaqla təsdiqlənib. Yalnız bir konqresmen, respublikaçı Kley Hiqqins layihənin əleyhinə səs verib.

Qanun layihəsinin məqsədi Epşteynin cinayət əməlləri, əlaqələri, işgüzar dairələri və təhqiqat materialları ətrafında illərlə davam edən qaranlıq məqamları aradan qaldırmaqdır. Layihə qəbul ediləcəyi halda, ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə indiyədək məxfi saxlanılan sənədləri və sübutları açıqlamaq öhdəliyi daşıyacaq.

Sənəd indi Senata göndərilib. ABŞ prezidenti Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, layihə həm Nümayəndələr Palatasından, həm də Senatdan keçərsə, onu imzalamağa hazırdır.

Xatırladaq ki, Epşteyn ABŞ-də azyaşlıların istismarı və insan alveri ittihamları ilə tanınan yüksək profilli milyarder idi. Onun 2019-cu ildə həbsxanada müəmmalı ölümü, eləcə də ictimaiyyətə açıqlanmayan əlaqələri ABŞ cəmiyyətində və siyasi dairələrdə geniş müzakirələrə səbəb olmuşdu. Tənqidçilər illərdir bu işdə təsirli şəxslərin qorunduğunu iddia edir və sənədlərin açıqlanmasının yeni faktları üzə çıxaracağına ümid edir.

Konqresdə qanun layihəsinin böyük dəstəklə qəbul olunması ABŞ ictimaiyyətində uzun illərdir davam edən şəffaflıq tələblərinə cavab kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr