Bakı, 19 noyabr, AZƏRTAC
Bank sektorunun davamlı inkişafı üçün ekosistem yanaşması mühüm rol oynayır. Bu yanaşma, maliyyə institutlarının müştərilər, “fintech” şirkətləri, tənzimləyici orqanlar və digər maraqlı tərəflərlə inteqrasiya olunmuş və qarşılıqlı əlaqəli bir ekosistem yaratmasını təmin edir. Belə bir ekosistem, informasiya paylaşımı, innovasiya təşviqi və risklərin paylanması baxımından sektorun dayanıqlılığını artırır.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) direktoru Vüsal Qasımlı Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda deyib.
“Requlyatorların proqressiv və çevik yanaşması bank sektorunun etibarlılığını və təhlükəsizliyini təmin edən əsas amillərdən biridir. Requlyatorlar texnoloji inkişafı izləyərək, yeni normativ bazalar və standartlar tətbiq etməli, həmçinin süni intellekt və böyük verilənlər kimi innovativ alətlərin risk idarəetmə proseslərində istifadəsini dəstəkləməlidirlər”, - deyən V.Qasımlı vurğulayıb ki, bu yanaşma yalnız tənzimləyici nəzarəti gücləndirməklə kifayətlənmir, eyni zamanda, bankların innovativ və dayanıqlı fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradır.
“Belə qənaətə gəlmək olar ki, etibarlı, təhlükəsiz və dayanıqlı bank sektorunun yaradılması texnoloji imkanların, analitik qərar mexanizmlərinin, ekosistem əməkdaşlığının və proqressiv tənzimləyici yanaşmanın birgə tətbiqi ilə mümkündür. Öz-özlüyündə bu yanaşma yalnız risklərin effektiv idarə olunmasını təmin etməklə kifayətlənmir, həm də maliyyə sabitliyinin, iqtisadi inkişafın və ictimai inamın gücləndirilməsinə mühüm töhfə verə bilər”, - deyə İİTKM rəhbəri nəzərə çatdırıb.
Qeyd olunub ki, nəticə etibarilə, bankçılıq sisteminin yeni inkişaf modelinin rəqəmsal transformasiya, süni intellekt texnologiyaları, açıq maliyyə ekosistemləri və dayanıqlılıq prinsipləri əsasında formalaşdırılması müasir dövrün struktur iqtisadi tələblərindən biri hesab olunur. Bu istiqamətlərin inteqrasiyası maliyyə institutlarının rəqabətqabiliyyətliliyinin artırılması, risklərin daha effektiv idarə olunması və uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsi baxımından fundamental əhəmiyyət daşıyır.