Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan rəqs sənətinin əfsanəsi, xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli böyük rəqqasə Roza (Rozaliya) İsmayıl qızı Cəlilova 97 yaşında vəfat edib. Sənətkar Bakının Səbail rayonunda yaşadığı evdə dünyasını dəyişib. O, həkimə çatdırılmadan əvvəl həyatını itirib.
Milli.Az Roza Cəlilova haqda maraqlı məlumatları sizə təqdim edir:
Roza Cəlilova 17 may 1929-cu ildə Quba şəhərində anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İstedadı və səhnə mədəniyyəti sayəsində o, Azərbaycan balet və xalq rəqsi sənətində özünəməxsus yer qazanıb.
.jpg)
İlk illərdə M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışan Roza Cəlilova 1949-cu ildən M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçərək milli estrada və xalq rəqslərinin inkişafında mühüm rol oynayıb. 1965-ci ildən 1975-ci ilə qədər ansamblın rəqs qrupunun rəhbəri kimi fəaliyyət göstərərək yüzlərlə rəqs nömrəsinin müəllifi olub.
Onun yaradıcılığı yalnız Azərbaycanla məhdudlaşmayıb. Kanadadan tutmuş Çinədək, Çexoslovakiyadan Efiopiyaya qədər dünyanın müxtəlif ölkələrində çıxış edən sənətkar milli rəqslərimizi beynəlxalq səviyyədə tanıdıb. 1989-cu ildə yaratdığı "Gülüstan" Ansamblı isə onu yenidən böyük şöhrətə qovuşdurub və ardıcıl xarici qastrollara yol açıb.
.jpg)
Roza Cəlilova sənəti ilə yanaşı yüksək peşə mədəniyyəti, tələbkarlığı və özünə hörməti ilə də seçilib. O, səhnəni sənətkar üçün müqəddəs məkan hesab edir, rəqsin toy və məclislər üçün deyil, böyük səhnə üçün yaradıldığını vurğulayırdı. Özünün dediyi kimi, o, rəqssiz yaşaya bilmirdi və 94 yaşında belə güzgü qarşısında hərəkətlərini təkrarlayırdı.
O, həm də Əminə Dilbazinin yaxın sənət dostu idi və aralarında sənət rəqabəti olsa da, hər iki sənətkar öz imzasını qoyaraq Azərbaycan rəqs tarixində əvəzsiz iz buraxdı.
Uzun illər xoreoqraf və pedaqoq kimi çalışan sənətkar Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Gimnaziyada gənc rəqqasələrin yetişməsinə töhfə vermişdi.
Roza Cəlilovanın həyat yolu - zəhmət, istedad, sənət sevgisi və milli rəqs mədəniyyətinə sədaqətin nümunəsidir. O, 2019-cu ildə böyük təntənə ilə qeyd olunan 90 illik yubileyində dediyi sözlərlə yadda qalmışdı:
"Rəqssiz yaşaya bilmərəm. Rəqs mənim nəfəsimdir."
Azərbaycan mədəniyyəti öz böyük rəqqasəsini itirdi, lakin onun sənət irsi, yaratdığı məktəb və yetirdiyi şagirdlər onu gələcək nəsillərə daşıyacaq.
Allah rəhmət eləsin!
Nərmin Mahmudova
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.