"Yemək-içmək pulsuz təqdim ediləcək"
"Sea Breeze" layihəsinin sahibi, iş adamı Emin Ağalarov Azərbaycanda inşa olunan ilk kazinonun görüntülərini nümayiş etdirərək geniş təqdimat verib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, tikinti işləri aktiv mərhələdədir və layihə tamamlandıqdan sonra ölkənin turizm sektorunda yeni dövr başlayacaq.
Ağalarov çəkiliş zamanı əsas zalı göstərərək bildirib ki, burada 35 metrlik nəhəng günbəz olacaq.
Zalda stolüstü oyunlar üçün geniş sahələr ayrılıb. İş adamının sözlərinə görə, kazinoda bütün yemək və içkilər tamamilə pulsuz təqdim ediləcək.
Onun açıqlamasına görə, "Sea Breeze" kazinosu ölçüsünə görə Avropanın ən böyük, dünyanın isə beşinci ən böyük kazinosu olacaq. Burada 12 VIP zal, geniş ümumi zal, çoxsaylı barlar, kafelər və restoranlar fəaliyyət göstərəcək.
Ağalarov əlavə edib ki, hər mərtəbənin hündürlüyü 10 metr, üzərindəki əlavə günbəz isə 15 metr olacaq. Beləliklə, ümumi zalda 35 metrlik möhtəşəm, geniş məkan formalaşacaq və bu sahə böyük pokerdən tutmuş genişmiqyaslı turnirlərə qədər hər cür tədbirə uyğunlaşdırılacaq.
Layihə çərçivəsində konsert zalının da tikilməsi planlaşdırılıb. Emin Ağalarov bildirib ki, işlər plan üzrə davam edərsə, təxminən bir yarım ildən sonra Azərbaycandakı ilk kazino qapılarını açacaq.
Musavat.com