AZ

Şabran məhkəməsi başçının şikayətini baxışdan çıxardı - 15 ton arpa qalmaqalı böyüyür

Bu gün, noyabrın 19-da Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında yerli məhkəməyə təqdim etdiyi şikayətə baxış davam etdirilib. 

Musavat.com xəbər verir ki, icra başçısı rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovun barəsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə xüsusi ittiham qaydasında şikayətində, hər iki şəxsin qeyd olunan maddələrin sanksiyası həddində cəzalandırılmasını tələb edib.

“Bu boyda rayonun başçısıdır, yalan danışmaz”

Başçını narazı salan isə kənd sakinlərinin mətbuat üzərindən ondan pullarını tələb etmələridir. Şabran rayon Uzunboyad kənd sakini Vüsal Muradov mətbuata müraciət edərək Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətləniblər. Kənd sakini iddia edir ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satsa da, pulunu ala bilməyib. Arpa satılan zaman icra başçısı özü qapıya gəldiyi üçün, ona inanıblar və alış-verişlə bağlı hər hansı sənəd imzalamayıblar. “Yox, sənəd yox. Elə-belə inandıq da. Dedik daha bu boyda rayonun başçısıdır. Mən onunla sənəd imzalayım, notariusa aparım, qol çəkdirim ki, nisyə verirəm? Elə olmur axı, ay müəllim, ayıbdır. Dedi, verdim. Mən də inandım ki, daha bu boyda rayonun başçısıdır da, yalan danışmaz", - Vüsal Muradov “BBC Azərbaycanca”ya demişdi. Həmin müsahibəsində Vüsal Muradov qeyd etmişdi ki, 1995-ci ildən toxumluq arpa əkməklə məşğul olub, ailəsinin bu kiçik təsərrüfatla dolandırlıb.

Sitat:

-3 ildir icra başçısı pulu vermədiyi üçün, artıq sahəsini normal əkib-becərə də bilmirik.

"İşlərin qızğın vaxtıdır. Texnikalar düzəlməlidir, işlər görülməlidir. Pulumuzu vermir ki, işimizi görək", - kənd sakini bildirib.

Prezident Administrasiyası da məsələyə qarışdı, amma…

Kənd sakini deyir ki, pulu almaq üçün müvafiq qurumlara şikayət edib, ancaq nəticə olmayıb.

Prezident Administrasiyasının əməkdaşı Habil Əzməmmədov 2025-ci il oktyabrın 20-də BBC-yə bildirib ki, icra başçısının vətəndaşı qəbul etməməsi ilə bağlı məsələyə aydınlıq gətiriləcək və gün ərzində kənd sakininin icra başçısı ilə görüşü təmin ediləcək. Şikayətlə bağlı isə qurumun əməkdaşı deyib ki, vətəndaş problemin həlli ilə bağlı məhkəməyə müraciət etməlidir. "Burada arbitr məhkəmədir. Hərə öz sübutunu ortaya qoymalıdır. Məhkəmə artıq araşdırmalı və qərar qəbul etməlidir ki, kim burada dələduzluq edib, etibar və inamdan sui-istifadə edib aldadıbdır. Orada şahidlər olacaq da, deyəcək gözümüzün qabağında yığmışıq, aparıb. Bir nəfərin işi deyil axı 15 ton taxılı yığmaq. Ona görə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunur", - Habil Əzməmmədov deyib. Oktyabrın 20-də ailə deyib ki, BBC-yə şikayətdən sonra onlara Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun Səbirə Vəliyeva və oğlu Vüsal Muradovla görüşmək istədiyi bildirilib.

Musavat.com xəbər verir ki, bundan bir neçə gün sonra isə Şabran Rayon Məhkəməsinə icra başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayəti daxil olub.

Ünvanı səhv salmısız!

Bu gün keçirilən məhkəmə iclasında icra başçısının şikayəti üzrə araşdırma zamanı müəyyən edilib ki, iş üzrə cavabdehlər ilkin olaraq müraciət etdikləri media resursu Xaçmaz rayonu ərazisində yerləşir. Bunu əsas götürən məhkəmə işə aidiyyatı üzrə baxılmasının vacibliyini vurğulayıb, şikayətə Şabran Məhkəməsində baxılmasının mümkünsüzlüyü diqqətə çatdırılmaqla baxışdan çıxarılıb. Şabran İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun hansı qərar verəcəyi hələ ki, bilinmir. Onun Xaçmaz rayon Məhkəməsinə müraciət edib-etməyəcəyi haqda məlumat yoxdur.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
84
9
musavat.com

10Mənbələr