1959-cu ildə "Avroviziya" müsabiqəsində Qərbi Almaniyanı təmsil etmiş əkiz bacılar Elis və Ellen Kessler 89 yaşlarında dünyalarını dəyişiblər.
Kulis.az xəbər verir ki, bacılar Münhen yaxınlığındakı evlərində birlikdə evtanaziya həyata keçirmək qərarına gəliblər. Alman mediasının məlumatına görə, onlar “artıq yaşamaq istəməyiblər”. Sağlıq problemləri ilə bağlı konkret detallar açıqlanmayıb.
Elis və Ellen Almaniyada anadan olublar. Müharibədən sonra ailə Şərqi Almaniyadan qaçıb. Bacılar balet üzrə təhsil alıblar və karyeralarına Parisdə başlayıblar. Onlar nüfuzlu kabarelərdə çıxış edib, Frank Sinatra və Fred Aster kimi ulduzlarla birgə çəkiliblər.
Sonralar əkizlər İtaliyada məskunlaşıblar. Orada televiziya və kino ikonalarına çevriliblər. Xüsusilə “Sodom və Qamora” filmindəki rolları ilə yadda qalıblar.
Bacılar heç vaxt ailə qurmayıblar. Onlar ömürləri boyu birlikdə yaşayıblar. Öz istəklərinə görə, külləri bir urnada birləşdiriləcək.
Birlikdə evtanaziya qərarı onların uzun və parlaq həyatının faciəli, lakin şüurlu son səhifəsi olub. Lent.az
