AZ

Bakıdakı “Lukoyl” YDM-ni Amerikanın “Chevron”u alacaq...


ABŞ-ın enerji nəhəngi Chevronun sanksiya altında olan Lukoil şirkətinin bəzi xarici aktivlərini almaq üçün danışıqlara başlaması qlobal enerji bazarında diqqət çəkən hadisələrdən biridir.

ABŞ Maliyyə Nazirliyinin bu prosesə müvəqqəti icazə verməsi sövdələşmənin hüquqi çərçivədə aparıldığını göstərir. Bu icazə Chevron-a yalnız sanksiya rejimi ilə ziddiyyət yaratmayan aktivləri öyrənməyə və qiymətləndirməyə imkan verir. Buna görə də şirkətin bütün Lukoil portfelini deyil, yalnız öz fəaliyyətinə uyğun olan aktivləri seçməsi gözləniləndir.

Lukoil sanksiyalar səbəbi ilə xaricdəki bəzi obyektlərini satmaq qərarına gəlib. Bu aktivlər həm iqtisadi yükdən qurtulmaq, həm də sanksiyaların yaratdığı çətinlikləri azaltmaq məqsədi daşıyır. Aktivlərlə təkcə Chevron deyil, digər beynəlxalq investorlar da maraqlanır. Ona görə danışıqlar rəqabətli şəraitdə aparılır və bu prosesin nəticəsi bir neçə faktordan asılı olacaq.

Hazırkı vəziyyətə əsasən, Chevron-un daha çox risqdən uzaq, gəlir gətirən və texniki baxımdan şirkətin biznes modelinə uyğun aktivlərlə maraqlandığı görünür. Bu, əsasən Avropadakı yanacaqdoldurma şəbəkələrini, bəzi hasilat layihələrində iştirak paylarını və neft-kimya obyektlərini əhatə edə bilər. Belə aktivlər şirkət üçün həm geniş bazara çıxış imkanı yaradır, həm də Lukoil-in sanksiyalar altındakı sərt idarəetmə zonalarından kənarda yerləşir.

Bununla belə, danışıqların uzanması və yekun nəticənin gecikməsi mümkündür. Sanksiya mühiti, qiymət razılaşmaları, siyasi risqlərin qiymətləndirilməsi və investorlar arasındakı rəqabət prosesi çətinləşdirə bilər. Həm də ABŞ siyasətində hər hansı sərtləşmə baş verərsə, Chevron sövdələşmədən geri çəkilə bilər. Bu səbəbdən razılaşmanın baş tutması hələlik tam qəti deyil.

Əgər Chevron Lukoil-un əmlakını alacaqsa, Bakıda Lukoil-a məxsus yanacaqdoldurma məntəqələri (YDM) də Chevron-un mülkiyyətinə keçəcək.

Şirkətin Rusiya ərazisindəki və yaxud Moskva ilə birbaşa əlaqəli aktivləri əldə etməsi real görünmür. Çünki belə obyektlər sanksiya rejimi ilə ciddi ziddiyyət yaradır və ABŞ hökuməti bu cür alqı-satqıya icazə verməz. Chevron üçün əsas məqsəd həm kommersiya baxımından sərfəli, həm də siyasi cəhətdən təhlükəsiz sahələrdə mövcudluğunu genişləndirmək, Lukoil-un fəaliyyətini dayandırmaqla yaratdığı boşluqları doldurmaqdır.

Nəticə olaraq, Chevron–Lukoil danışıqları həm iqtisadi, həm də geosiyasi baxımdan maraqlı prosesdir. Chevron üçün bu, sanksiya risqlərini nəzərə alaraq yeni bazarlara çıxış imkanı deməkdir. Lukoil üçün isə sıxılmış vəziyyətdən çıxmaq və aktivlərinin bir hissəsini likvidliyə çevirmək yoludur. Bu danışıqların nəticəsi, böyük ehtimalla, seçilmiş aktivlərin alınması ilə yekunlaşacaq və genişmiqyaslı portfelin güzəştə gedilməsi gözlənilmir.

Akif NƏSİRLİ

Seçilən
54
baki-xeber.com

1Mənbələr