AZ

Çin XİN: Yaponiya Tayvanla bağlı sözlərini geri götürməzsə, qəti əks-tədbirlər görüləcək

Pekin, 19 noyabr, AZƏRTAC

Yaponiya tərəfi Çinin Tayvan regionu ilə bağlı yanlış fikirlərini geri götürməkdən imtina edərsə, Çinin qətiyyətli əks tədbirlər görməkdən başqa çarəsi yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Mao Nin noyabrın 19-da media üçün brifinqdə deyib.

Mao Nin Yaponiyanın Baş naziri xanım Sanae Takaiçinin Tayvanla bağlı fikirlərinin Çin-Yaponiya münasibətlərinin siyasi təməlinə ciddi ziyan vurduğunu, Çin xalqının qəzəbinə və qınağına səbəb olduğunu təkrarlayıb.

“Çin Yaponiyanı səhv şərhlərindən imtina etməyə, Çinlə əlaqəli məsələlərdə problem yaratmağı dayandırmağa, səhvlərini tanımaq və düzəltmək, Çin-Yaponiya münasibətlərinin siyasi əsaslarını qorumaq üçün konkret tədbirlər görməyə çağırır”, - deyə Çin XİN rəsmisi bildirib. O deyib ki, Yaponiya sözünü geri götürməkdən imtina etsə və hətta qanunsuz hərəkətlərini davam etdirsə, Çin qətiyyətli əks tədbirlər görəcək və Yaponiya bundan irəli gələn bütün nəticələrə məsuliyyət daşıyacaq.

Qeyd edək ki, Yaponiyanın yeni Baş naziri Sanae Takaiçinin Çinin Tayvana hücumunun onun ölkəsinə təhdid olacağı barədə bəyanatından sonra iki ölkə arasında münasibətlərdə gərginlik yaranıb. Çin öz vətəndaşlarına Yaponiyaya səyahət etməməyi tövsiyə edib. Çin aviaşirkətləri isə Yaponiya istiqamətindəki biletləri cəriməsiz geri qaytarmağa başlayıb. Bundan başqa, Çin Yaponiyadan dəniz məhsullarının idxalını yenidən qadağan edəcəyini açıqlayıb. Çin tərəfi iki ölkə arasında elmi və mədəni tədbirləri də ləğv edib.

İki ölkə arasında yaranmış gərginlik Çin və Yaponiya xarici siyasət idarələrinin departament rəhbərlərinin Pekində keçirilən görüşündə də müzakirə olunub.

Yaponiyanın xarici işlər naziri Moteqi Toşimitsu jurnalistlərə açıqlamasında deyib ki, rəsmi Tokio Baş nazir Sanae Takaiçinin nə demək istədiyini Çinə izah edib. O, həmçinin bildirib ki, Pekinin iki ölkənin xalqları arasında mübadilələrin qarşısını almağa yönəlmiş hərəkətləri ümumi strateji maraqlara əsaslanan qarşılıqlı faydalı münasibətlər qurmaq barədə ortaq anlayışlarına ziddir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
48
2
azertag.az

4Mənbələr