Noyabrın 19-da Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Akademiyası tərəfindən ortaq türk əlifbası ilə nəşr olunmuş iki kitabın - Abay Kunanbayevin “Qara sözlər” və Çingiz Aytmatovun “Ağ gəmi” əsərlərinin təqdimat mərasimi keçirilib.
Tədbirdə türk dövlətlərindən diplomatlar, beynəlxalq təşkilatların əməkdaşları, alimlər, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
TÜRKSOY-un baş katibi Sultan Raev iştirakçılara müraciətində kitabların təqdimatını Türk dünyası üçün ortaq gələcək konsepsiyasının reallaşdırılması istiqamətində mühüm addım adlandırıb.
O, rəhbərlik etdiyi təşkilatın türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfədən məmnunluğunu ifadə edib. Baş katibin sözlərinə görə, gənclərin türk xalqlarının mədəni irsini hərtərəfli öyrənməsi çox vacibdir.
Türk Akademiyasının prezidenti Şahin Mustafayev 34 hərfdən ibarət ortaq türk əlifbasının qəbul edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, türk dövlətlərindən olan siyasətçilər və alimlər illərdir türk xalqlarını bir-birinə daha da yaxınlaşdıran tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm bir addım olaraq ortaq, türk əlifbası üzərində razılığa gəlməyin zəruriliyini dəfələrlə vurğulayıblar.
Şahin Mustafayev Abay Kunanbayevin və Çingiz Aytmatovun türk ədəbiyyatına böyük töhfələrini vurğulayıb və ortaq türk əlifbasında kitabların nəşrinin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Sonra TÜRKSOY-un fəaliyyəti haqqında film nümayiş etdirilib.
Ortaq türk əlifbası ilə nəşr olunmuş kitablar iştirakçılara təqdim edilib.
Təqdimat panel müzakirələri ilə davam edib.