Türkiyə Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq üçün mümkün addımlar atmağa çağırır.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Türkiyə lideri Moskva ilə Kiyev arasındakı ziddiyyətlərin tənzimlənməsi üçün İstanbul danışıqlarının önəmini vurğulayaraq, Türkiyədə keçirilən üç raund müzakirələrdən sonra humanitar sahədə müəyyən irəliləyiş əldə olunduğunu qeyd edib. “İstanbul danışıqları zamanı tərəflər atəşkəs və sülh perspektivlərini birbaşa müzakirə etmək imkanına malik idilər”, – deyə o bildirib. Prezident əlavə edib ki, bu gün Zelenski ilə keçirilən görüşdə İstanbul prosesinin davam etdirilməsi də müzakirə mövzularından biri olub.
Ərdoğan müharibənin dağıdıcı nəticələrinin tərəflərə getdikcə daha çox təsir göstərdiyini vurğulayaraq deyib: “Mövcud vəziyyətdə İstanbuldakı danışıqlar sülhə doğru diplomatik səylərin xüsusilə vacib bir mərhələsidir”. O həmçinin enerji infrastrukturu obyektlərinə endirilən zərbələrin aradan qaldırılması çətin olan ciddi nəticələrə səbəb olduğunu qeyd edib.
Bu baxımdan Türkiyə Prezidenti problemlərin miqyaslı həllinə diqqət çəkərək İstanbul prosesinin bərpasının önəmini xüsusi vurğulayıb. “Türkiyə qan tökülməsinin dayandırılmasını istəyən bütün tərəfdaşlarından İstanbul prosesinə konstruktiv yanaşma nümayiş etdirmələrini gözləyir. Biz həmçinin atəşkəsi yaxınlaşdıracaq və ədalətli, uzunmüddətli sülhə yol açacaq təşəbbüsləri Rusiya ilə müzakirə etməyə hər zaman hazırıq”, – deyə o bildirib və bu prosesdə ABŞ-ın iştirakının əhəmiyyətini qeyd edib.
Ərdoğan iki ölkə arasındakı tarixi əlaqələrə toxunaraq, Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tanınmasına dair mövqeyinin dəyişməz olduğunu bir daha diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyənin tikinti şirkətləri Ukraynanın bərpasına töhfə verməyə hazırdır.
Türkiyənin prinsipial mövqeyi bizim üçün çox vacibdir. Davam edən müharibəyə aydın münasibətinə və ölkəmizin müstəqilliyini və suverenliyini dəstəklədiyinə görə Türkiyə tərəfinə minnətdaram.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Kiyevin “Moskvada eşidilə bilən Türkiyə diplomatiyasının gücünə inandığını” xüsusi vurğulayıb.
“Öz həyatını müdafiə edən hər kəsin mübarizəsi özünümüdafiə hüququdur”, – deyə o qeyd edib və əlavə edib ki, təkcə bir Ukrayna şəhərində 20-dən çox insan Rusiyanın növbəti genişmiqyaslı hücumunun qurbanı olub.
Zelenski bildirib ki, Rusiyanın bu gün Ukraynaya endirdiyi hücum zamanı 48 raket və 475 drondan istifadə edilib. “Ukrayna bu cür hücumlardan daim özünü müdafiə etməyə məcburdur. Biz hava hücumundan müdafiə sistemlərinin sursatla təmin edilməsi, eləcə də silah və hərbi təyyarələrin alınması üçün əlimizdən gələni edirik”, – deyə o vurğulayıb.
Eyni zamanda, Ukrayna Prezidenti əsir mübadiləsi prosesinin bu ilin sonuna qədər bərpa olunacağına ümid etdiyini bildirib. “Türkiyə bu məsələyə güclü dəstək verir”, – deyə Zelenski bildirib.
Zelenski əlavə edib ki, hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində çoxlu sayda sülh prosesləri intensivləşir. Danışıq prosesləri ləyaqətli sülhə nail olmağa yönəldilməlidir.
"İndi bir çox proseslər intensivləşib və biz bütün fəaliyyətlərin xüsusi olaraq ləyaqətli sülhə və təminatlı təhlükəsizliyə nail olunmasına yönəldiyini təmin etməyə çalışırıq. Müharibə bitməlidir, sülhdən başqa alternativ yoxdur", - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiya başa düşməlidir ki, müharibəyə görə heç bir mükafat almayacaq.
Dövlət başçısı, həmçinin qeyd edib ki, Ukrayna Türkiyə diplomatiyasının gücünə ümid edir. Xüsusilə, Türkiyənin “həlledicilər koalisiyası”nda, xüsusən də dəniz komponentində fəal iştirakı vacibdir.
"Qara dənizdə təhlükəsizliyin vacibliyini hamı anlayır və belə təhlükəsizlik yalnız Türkiyə ilə birlikdə təmin edilə bilər", - Zelenski qeyd edib.