AZ

Sabit tarifə keçid: Su, qaz və elektrik üçün əlavə ödəniş olacaq

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məhz mərkəzləşmiş qaydada nəzarətin təmin edilməsi üçün belə bir sistem yaradılır

Kommunal ödənişlərin vahid sistem üzərindən ödənilməsi istiqamətində növbəti addım atılıb. Bununla bağlı “Texnologiya və innovasiyalar” işçi qrupunun tərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun növbəti iclası keçirilib.

İclasda Komissiya Katibliyinin rəhbərliyi, Altqrupun rəhbəri, üzvləri, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Energetika Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər. İclasda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”nin 3.2-ci bəndi ilə müəyyən edilmiş “Vahid Kommunal Xidmətlər” altsisteminin yaradılması ilə bağlı mövcud vəziyyət, görülmüş işlər müzakirə edilib, həmçinin Altqrupun 2026-cı il üzrə Fəaliyyət Planının planlaşdırılması müzakirə olunub. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edərək mövcud vəziyyət, görülmüş işlər haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb. S.Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İB və “Azərişıq” ASC ilə birgə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən minimal işlək məhsulun (MVP) hazırlanmasının başa çatdırıldığını, MVP çərçivəsində ilkin məlumat modelinin və EHİS-in inteqrasiyasının qurulduğunu, modul səviyyəsində veb interfeys, vahid ödəniş, ad dəyişmə, borc idarəetmə və bildiriş funksiyaların layihələndirildiyini bildirib. Energetika nazirinin müavini Samir Vəliyev, müvafiq sahədə həyata keçirilən islahatlar çərçivəsində yaradılması nəzərdə tutulan və mühüm yenilik olan “Vahid Kommunal Xidmətlər” altsisteminin əhəmiyyətindən danışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş EHİS-in Əsasnaməsinə uyğun olaraq “Vahid Kommunal Xidmətlər” altsisteminin operatoru funksiyasını həyata keçirəcək qurum qismində Energetika Nazirliyinin vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə müvafiq altqrupda təmsil olunan Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin də iştirakı ilə müzakirələrin keçirilməsinin faydalı olacağını bildirib. Keçiriləcək görüşlərdə altsistemin formalaşdırılması istiqamətində 2026-cı il üçün Yol Xəritəsinin hazırlanması məqsədilə adıçəkilən Agentlik tərəfindən aidiyyəti üzrə təkliflərin təqdim ediləcəyini bildirib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxalıyev çıxış edərək “Vahid Kommunal Xidmətlər” altsisteminin yaradılması istiqamətində görülən işlərin uğurla aparıldığını, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində əsas nəticəyə nail olunması istiqamətində mühüm addımlar atıldığı barədə iclas iştirakçılarına məlumat verib. O, Altqrupun 2026-cı il üzrə Fəaliyyət Planının hazırlanmasına başlanılmasının zərurətini qeyd edib. Qeyd edilir ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupunun tərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. 

Qeyd edək ki, cari ilin iyun ayında Milli Məclisdə müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsinə görə təbii qaz və elektrik enerjisi sahəsində tariflərin tənzimlənməsi mexanizmi dəyişir. Sənədə əsasən 2028-ci il iyulun 1-dən etibarən qaz təchizatı üzrə tənzimlənən qiymətlər (tarif) müvafiq tənzimləyici orqan tərəfindən müəyyən ediləcək. Həmçinin, elektrik enerjisi sahəsində də sabit aylıq tarifin tətbiqi nəzərdə tutulur. Bu da “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əskini tapır. Layihəyə əsasən sabit tarif – elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayaraq sabit xarakterli xərclərin qarşılanmasına yönəlmiş və tənzimləyici tərəfindən müəyyən edilmiş məbləğ olacaq. Yəni sabit tarif, xidmətə çıxış ödənişi və yaxud xidmət haqqı deməkdir. Aylıq istifadə haqqı ödənilməklə yanaşı abonentlər xidmətə görə də ödəniş etməli olacaq. 

“Vahid Kommunal Xidmətlər” altsisteminin və “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi”nin yaradılması bəs nə vəd edir? İstehlakçılara bunun nə kimi faydası olacaq? 

İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, söyləmək çətindir. Çünki detallar haqqında bilgi yoxdur: 

- Vahid mərkəz informasiya sistemi, vahid ödəniş sistemi yaradılırsa, bu, sabit tarif rejiminə keçidin başlanacağı deməkdir. Və bu sistem üzərindən izlənəcək. Sabit tarifə keçid isə bu deməkdir ki, abonentlər, elektrik enerjisi, su, təbii qazdan istifadəyə görə aylıq ödənişlərdən əlavə abunə haqqı da ödəyəcəklər. Məhz mərkəzləşmiş qaydada nəzarətin təmin edilməsi üçün belə bir sistem yaradılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
sherg.az

10Mənbələr