Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu tarixi gün münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Küllərindən dirçəldilən şəhərin bayramı” adlı məlumat bülleteni hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materialda bir sıra rəsmi sənədlərin tam mətni təqdim edilir. Məlumat bülletenində Ağdam rayonunun qədim tarixi, gözəl təbiəti, tarixi memarlıq abidələri, müharibə dövründə maddi-mənəvi irsinin, təbii sərvətlərinin məhv edilməsi haqqında məlumat verilir. Materialda professor Habil Qurbanovun “Ağdamın Zəfər bayramı” və Əməkdar jurnalist Bəxtiyar Sadıqovun “Xarabalıqlardan dirçəldilən Ağdam” adlı məqalələrinin tam mətni, Ağdam ərazisində aparılan bərpa-quruculuq işləri, rayonun iqtisadi, mədəni, sosial dirçəlişi, yeni infrastrukturun qurulması, yaşayış məhəllələrinin salınması, sənaye parkları, aqroparkların yaradılması haqqında məlumat təqdim edilir. Məlumat bülletenində “Heydər Əliyevin Ağdamın dinamik inkişaf konsepsiyası”, “Vətənin cəsur döyüşçüləri”, “Əsrə bərabər 20 il”, “Xoş gördük, Qarabağ, salam qələbə!” kimi 30-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və 2008-2025-ci illərdə dövri mətbuatda dərc edilən məqalələrin siyahısı yer alır.
20 Noyabr – Ağdam Şəhəri Günü ilə əlaqədar hazırlanan məlumat bülleteni kitabxananın rəsmi saytda yerləşdirilib.