AZ

“Milli kimliyimizi qoruyan kitab siyasətinə daha çox sərmayə qoymalıyıq”

Operativ MM portalından verilən məlumata əsasən, ain.az bildirir.

Deputat Elnarə Akimova Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuş üzrə müzakirəsində çıxış edərək mədəniyyət, ədəbiyyat və regional infrastrukturla bağlı bir sıra vacib məqamlara toxunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Ddeputat ilk olaraq Prezident İlham Əliyevin 211 nömrəli qərarı ilə dövlət varidatı elan edilmiş müəlliflərin əsərlərinin xüsusi seriyada, çoxcildli şəkildə nəşr olunmasını təklif edib:

“Çox yaxşı olardı ki, həmin siyahıda yer alan müəlliflərin əsərləri xüsusi seriyada, çoxcildli şəkildə çap olunsun. 2004-cü ildə latın qrafikası ilə kütləvi nəşrlər mədəni həyatımızda misli görünməmiş hadisə idi”, – deyə Akimova bildirib.

O, seçildiyi Sumqayıt şəhərində son illər aparılan genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndirərək, bunun Prezident İlham Əliyevin şəhərə göstərdiyi xüsusi diqqətin nəticəsi olduğunu söyləyib. Bununla yanaşı, mədəni infrastrukturda ciddi problemlərin mövcudluğunu vurğulayıb:

“Sumqayıtda kitabxanalar təcili təmirə ehtiyac duyur. Cəfər Cabbarlı adına mədəniyyət evi qəzalı vəziyyətdədir və tarixi abidə kimi qorunmalıdır”, – deputat bildirib.

Akimova əlavə edib ki, 40 mindən çox əhalisi olan Hacı Zeynalabdin qəsəbəsində bir dənə də mədəniyyət ocağı yoxdur, tədbirlər isə məcburən məktəblərin akt zallarında keçirilir. Onun sözlərinə görə, mədəniyyət evləri və kitabxanalar yalnız tədbir məkanı deyil, həm də gənclərin maariflənməsi və ziyanlı vərdişlərdən uzaq qalmasında mühüm rol oynayır.

Çıxışının növbəti hissəsində deputat Milli Kitab Mükafatının təsis olunması təklifini yenidən gündəmə gətirib.

“Biz siyasətdə də, idmanda da sözümüzü demişik. Amma bu gün həqiqətlərimizi bədii təcəssümə, ədəbiyyata çevirmək və dünyaya çatdırmaq üçün daha çox ehtiyac var”, – deyə o qeyd edib.

Deputat həmçinin Heydər Əliyevin 90-cı illərin ağır dövrlərində Azərbaycan ədəbiyyatını və mədəniyyətini qorumaqda göstərdiyi müstəsna xidmətləri xatırladıb və Prezident İlham Əliyevin milli dilin qorunması ilə bağlı çağırışlarının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Bizim kitablarda milli kimliyimiz, milli yaddaşımız qorunur. Əgər yaddaşlı bir nəsil yetişdirmək istəyiriksə, bu sahəyə sərmayə qoymaqdan çəkinməməliyik”, – deyə Akimova bildirib.

Afət Ziyadqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
operativmm.az

2Mənbələr