Ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edən beş Milli Prioritetdən biri olan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin rayonlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Müasir infrastrukturun qurulması, yeni yaşayış məntəqələrinin inşası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və rahat qayıdışının təmin edilməsi istiqamətində tədbirlər yüksək sürətlə davam etdirilir.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həllini həyata keçirən Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində keçirilən və Qərargahın 5 illik fəaliyyətinə həsr olunan iclasda səsləndirilən fikirlər də bunu bir daha sübut edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Sahəvi proqramların monitorinqi sektorunun baş məsləhətçisi Yusif Məmmədov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan genişmiqyaslı infrastruktur layihələri ölkədaxili yol şəbəkəsinin modernləşdirilməsi, nəqliyyat əlaqələrinin şaxələndirilməsi və ölkəmizin regional tranzit mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu layihələr həm iqtisadi fəallığın sürətli bərpasını və investisiya axınının genişlənməsini təmin edir, həm də ərazilərin mərhələli şəkildə məskunlaşdırılması üçün dayanıqlı sosial-iqtisadi baza formalaşdırır. Zəngəzur dəhlizində aparılan işlər isə ölkənin nəqliyyat-logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, tranzit potensialını daha da gücləndirəcək, Azərbaycanın regional və qlobal əməkdaşlıq perspektivlərini yeni bir mərhələyə yüksəldəcək.
Yusif Məmmədovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə sənaye parklarının sürətli inkişafı bölgənin iqtisadi canlanmasını və rəqabətqabiliyyətli inkişafını gücləndirərək yüz milyonlarla investisiyanın cəlbinə, yeni iş yerlərinin yaradılmasına və istehsalın həm daxili tələbat, həm də ixrac imkanları üzrə əhəmiyyətli genişlənməsinə şərait yaradacaq. Bundan əlavə, kommunal infrastrukturun bərpası üzrə həyata keçirilən genişmiqyaslı layihələr bölgənin sosial-iqtisadi inkişafını sürətləndirir və əhalinin rahat yaşayışı üçün zəruri şəraiti təmin edir. Eyni zamanda, azad edilmiş rayonlarda sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi məskunlaşmanın sürətlənməsinə, əhalinin rifahının yüksəlməsinə və bölgədə uzunmüddətli yaşayışın təmin edilməsinə mühüm töhfə verir.
Azad edilmiş rayonların münbit torpaq və əlverişli iqlim şəraiti ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar yaradır və bu potensialdan səmərəli istifadə olunması istiqamətində əhəmiyyətli işlər həyata keçirilir. Regionda müasir suvarma sistemlərinin qurulması, heyvandarlıq komplekslərinin yaradılması və intensiv bağçılıq təsərrüfatlarının inkişafı Qarabağ və Şərqi Zəngəzurun təbii iqlim potensialından səmərəli istifadənin təmin olunmasına xidmət edir. Bütün bunlar kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, resursların rasional idarə olunması və rəqabətqabiliyyətli, yüksək əlavə dəyər yaradan istehsalın formalaşması baxımından regionun sürətli inkişafının bariz göstəricisidir.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm addımlar atılır, investorlar üçün əlverişli biznes mühiti formalaşdırılır və yerli istehsal sahələrinin bərpasına dəstək göstərilir. Məşğulluğun artırılması məqsədilə yeni istehsal və xidmət müəssisələrinin yaradılması bölgədə iqtisadi canlanmanı və əhalinin iş imkanlarını genişləndirir.
Bütün bu görülən işlər bərpa və inkişaf prosesinin real nəticələrini ortaya qoymaqla yanaşı, dövlət başçısının azad olunmuş ərazilərin dirçəldilməsinə yönəlmiş siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini, eləcə də bu sahəyə xüsusi diqqətin olduğunu nümayiş etdirir. Uğurla reallaşdırılan dövlət proqramları və layihələrin nəticəsi olaraq bu gün işğaldan azad edilmiş ərazilərdə dövlət və özəl sektorda çalışanlar, eləcə də təhsil alanlar daxil olmaqla 62 mindən artıq insanın yaşayışı və fəaliyyəti təmin olunub.
İİTKM-in eksperti əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir, regionun müasir inkişaf modelinə uyğun şəkildə formalaşmasına şərait yaradır və Azərbaycanın dayanıqlı sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verir.