Azərbaycan rəqəmsal transformasiya və süni intellekt texnologiyalarına investisiya qoyuluşu üçün artan potensial nümayiş etdirir. Müştəri təcrübəsinin, rəqəmsal infrastrukturun və fintech həllərinin inkişafı iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilir. Ölkənin strateji mövqeyi və zəngin enerji ehtiyatları regional əməkdaşlıq və inteqrasiya üçün əlavə imkanlar yaradır. Eyni zamanda, iqtisadiyyatın rəqəmsallaşdırılması effektiv dəyişikliklərin idarə edilməsini, bacarıqların inkişafını və yeni tənzimləyici şərtlərə uyğunlaşmanı tələb edir. AZƏRTAC İrlandiyalı rəqəmsal transformasiya üzrə mütəxəssis, EMEA regionunun inkişaf etməkdə olan bazarlar üzrə “Salesforce” şirkətinin vitse-prezidenti Hrvoye Supiç ilə məxsusi müsahibəni təqdim edir.
- Azərbaycanda investisiya mühitini necə qiymətləndirirsiniz? Sizcə, hansı sahələr beynəlxalq investorlar üçün ən cəlbedici olacaq?
- Marketinq, satış, müştəri xidmətləri və digər sahələrdə bizneslər üçün müştəri təcrübəsi yaratmağa kömək edən bir şirkət olaraq, “Salesforce” həm Azərbaycanda, həm də bütün regionda bu sahəyə artan marağı görür. İstehlakçı və biznes gözləntiləri artdıqca, rəqəmsal transformasiya və süni intellektlə işləyən həllərə tələbat da davamlı olaraq artacaq. Bu baxımdan, Azərbaycanda bizneslərə investisiya qoymağa, sahibkarları dəstəkləməyə davam etmək, onlara müasir texnologiyaların inkişafına və tətbiqinə kömək etmək niyyətindəyik.
- Zəngin enerji ehtiyatları və strateji mövqeyi baxımından Azərbaycan regional əməkdaşlığın və inteqrasiyanın inkişafında hansı rolu oynaya bilər?
- Azərbaycanın enerji ehtiyatları və strateji mövqeyi gələcək iqtisadi artım, istedadların cəlb edilməsi və investisiya axınlarının genişləndirilməsi üçün möhkəm təməl yaradır. Bu amillər ölkənin regional əməkdaşlıq və inteqrasiya proseslərində mühüm vəsilə kimi rolunu gücləndirir. Bu fonda müəssisələr və dövlət sektoru yeni gözləntiləri qarşılamağa çalışdıqca, müasir rəqəmsal xidmətlərə və yüksəkkeyfiyyətli müştəri təcrübələrinə tələbat təbii olaraq artır. Bütün bunlar Azərbaycanı regionun rəqəmsal inkişafının yalnız iştirakçısı deyil, həm də aktiv hərəkətverici qüvvəsinə çevirir.
- Regionda inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının rəqəmsallaşdırılması hansı çətinliklər və imkanlar yaradır? Rəqəmsal infrastruktur və fintech həlləri Azərbaycan kimi ölkələrə investisiya cəlb etmək üçün nə dərəcədə vacibdir?
- Müasir iqtisadiyyat bu gün sözün əsl mənasında rəqəmsal infrastruktura və xidmətlərə əsaslanır. Bu xidmətlər istər istehlakçı, istər vətəndaş, istər pasiyent, istər sahibkar, istərsə də tələbə üçün həyatın ayrılmaz hissəsinə çevrilir. Texnologiyadan gözləntilər sürətlə artır və hər bir bazar yalnız inkişaf etmiş rəqəmsal ekosistemlə mümkün olan səmərəlilik və keyfiyyət səviyyəsini təmin edə bilir. Bunun üçün lazım olan texnologiyalar artıq mövcuddur, “Salesforce” kimi şirkətlər isə biznes və dövlət qurumlarına potensiallarını reallaşdırmağa kömək edən sübut olunmuş həllər təklif edir. Biz regiondakı təşkilatların bu səviyyəyə çatması səylərini fəal şəkildə dəstəkləyirik və onların rəqəmsal imkanlarını gücləndirməyə davam edəcəyik.
Eyni zamanda, rəqəmsallaşma özü ilə dəyişikliklərin idarə olunması, yeni tənzimləyici tələblərə uyğunlaşmaq zərurəti və müasir təcrübələrin tətbiqi üzrə müəyyən çətinliklər də gətirir. Bacarıqların inkişafı həm istifadəçilər, həm də rəqəmsal layihələrin uğurlu həyata keçirilməsini təmin edən texniki mütəxəssislər üçün xüsusilə vacibdir. Azərbaycan kimi ölkələri investorlar üçün cəlbedici edən yüksəkkeyfiyyətli infrastruktur, səriştələr və texnologiyaların kombinasiyasıdır.