19–20 noyabr tarixlərində Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumu nağdsız iqtisadiyyat, rəqəmsal transformasiya, fintech ekosistemi və maliyyə dayanıqlığı kimi mövzuların müzakirəsi üçün geniş platforma yaratdı.
Forumda çıxış edən "ABB Invest"in Baş icraçı direktoru Nadir Babazadə son emissiyaların uğurlu nəticələrindən danışaraq investisiya proseslərinin elektronlaşmasının vacibliyini xüsusi vurğuladı. O qeyd etdi ki, rəqəmsal mühitdə investisiya xidmətlərinin əlçatanlığının artırılması bazarın inkişafının əsas hərəkətverici qüvvələrindən biridir.
Nadir Babazadə həmçinin yerli bazarda yeni maliyyə alətlərinin dövriyyəyə buraxılmasının zəruriliyinə toxundu. Hazırda Azərbaycan Fond Birjasında səhmlərin ticarət dövriyyəsinin 95%-dən çoxu ABB-nin səhmlərinin payına düşür. Bu isə bazarda alternativ alətlərin artmasına olan ehtiyacı bir daha göstərir və investorlar üçün daha geniş seçim imkanlarının vacibliyinə işarə edir.
Forumda xarici təcrübələr müzakirə edilərkən qiymətli kağızların çeşidinin çox olması, məlumatların investorlara operativ və şəffaf şəkildə təqdim edilməsi, eləcə də bazar infrastrukturunun rahatlığı beynəlxalq uğurun əsas faktorları kimi qeyd olundu.
Bu kimi müzakirələr ölkəmizdə kapital bazarlarının daha da inkişaf etməsi, rəqabətli və dayanıqlı maliyyə ekosisteminin formalaşması üçün mühüm addımlardır.
