ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 19-da Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə gedib. İstanbulda Ukrayna ilə bağlı danışıqlar keçirilib. Danışıqlar Zelenski və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı ilə baş tutub. Rusiya tərəfi İstanbula gəlməkdən imtina edib. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.Rusiyanın iştirakı olmadan nələr müzakirə edilə bilər? Rusiya nə üçün danışıqlarda iştirak etmir? Moskva-Ankara arasında soyuqluq yaranıb?
Səfər çərçivəsində Prezident Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxış edib. Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Ərdoğanla həmişə olduğu kimi çox məhsuldar və əhatəli bir görüş keçirdiyini bildirib: "Ukrayna olaraq, ölkələrimiz arasındakı etimadı yüksək qiymətləndiririk. Türkiyənin Ukraynaya bu qədər böyük əhəmiyyət verməsi bizim üçün xüsusilə vacibdir. Rusiyanın dövlətimizə və xalqımıza qarşı müharibəsinə Türkiyənin münasibəti Ukrayna üçün çox vacibdir. Əməkdaşlığınız üçün sizə təşəkkür etmək istəyirəm. Həyatımızı qorumağımıza kömək edən əməkdaşlığa və Türkiyənin bu faciəyə, bu Rusiya təcavüzünə, bütün əsas elementlərə qarşı açıq mövqeyinə görə sizə təşəkkür edirəm. Ukraynanın müstəqilliyini və suverenliyini dəstəklədiyinə görə Türkiyəyə təşəkkür etmək istəyirəm". Zelenski Ukraynanın suverenliyini müdafiə etməyin hər kəsin mübarizəsi və özünümüdafiə hüququ olduğunu bildirib.
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zelenski artıq Türkiyədə səfərdədir və onun prezident Ərdoğanla görüşü baş tutub.
Əli Mustafa
“Ankaraya səfər edilib və Stiv Uitkoffun bura gəlməsinə dair bilgilər var. Bildiyim qədər Rusiya tərəfindən də hansısa danışıqlar ola bilsin ki, aparılır. Amma bununla bağlı rəsmi heç bir məlumat yoxdur. Yeri gəlmişkən, bu günlərdə elə Marko Rubio qeyd elədi ki, Rusiya ilə onların daimi təmasları var, amma aşağı səviyyədə, yəni səfirlik səviyyəsində. Ola bilsin ki, Amerikada Türkiyə-Ukrayna-Rusiya arasında danışıqlar baş tutsun və müharibə dayansın. Mümkün olsa, atəşkəs barədə razılıq əldə olunsun. Amma Rusiyanın planları fərqlidir, atəşkəsə çox da isti yanaşmır”-deyə Əli Mustafa qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.