AZ

Liderlərin gecə həyatı: Heydər Əliyev haqda maraqlı fakt Siyahıda daha kimlər var?

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Yüksək vəzifələr kənardan komfort, şöhrət və lüks həyat kimi görünsə də, əslində prezidentlik, baş nazirlik kimi postlar sahibinə ciddi məsuliyyət, ağır iş rejimi gətirir. Məsələn, ABŞ Prezidenti Donald Trampın Məhəmməd bin Salmanla görüşündə az yatmasından şikayətlənməsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sutkada cəmi 5-6 saat yatdığını deməsi bunun nümunələridir. Prezident İlham Əliyevin də tez-tez səfərlərdə olması, ardıcıl görüşlər keçirməsi onun gərgin qrafiklə çalışdığını göstərir.

Bəs əvvəl necə idi? Soyuq müharibə dövründə prezidentlər, baş nazirlər, Xarici İşlər Nazirliyinin rəhbərləri hansı qrafiklə işləyirdilər? Sabiq məmurların dövründə də iş rejimi bu qədər ağır idi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, tarixi faktlara əsasən, soyuq müharibə dövründə bir çox liderlər az yatmaları ilə yadda qalıblar:

“Dönəmin xatirələrində və kitablarında bununla bağlı kifayət qədər nümunə mövcuddur. Məsələn, Böyük Britaniyanın Baş naziri Uinston Çörçill adətən 5-6 saat yatar, günorta isə əlavə 1-2 saat mürgüləyərdi. 35-ci ABŞ Prezidenti Con Kennedi gün ərzində təxminən 6 saat yatarmış. 40-cı lider Ronald Reyqanın yuxu müddəti isə 8 saata çatmırdı. Böyük Britaniyanın baş naziri Marqaret Tetçer cəmi 4 saat yatdığını bildirir və yuxunu “israf” adlandırırdı. Ümummilli lider Heydər Əliyev də gün ərzində bütövlükdə 4-5 saat yatarmış. SSRİ rəhbərlərindən Yuri Andropov maksimum 6 saat yuxu ilə kifayətlənib. Soyuq müharibənin simalarından olan Kuba lideri Fidel Kastro isə cəmi 3 saat yatması ilə tanınırdı”.

Əziz Əlibəyli

Ekspert bildirib ki, sosializm və kapitalizm arasında qarşıdurma, müxtəlif risklər, eləcə də Karib böhranı, Berlin divarı problemi, Vyetnam savaşı və Süveyş böhranı kimi ardıcıl proseslər 1945-ci ildən 1990-cı illərə qədər fasiləsiz davam edib:

“Həm daxili nəzarət, həm də xarici təhdidlərə qarşı daim ayıq olmaq zərurəti liderlərin iş rejimini daha da ağırlaşdırırdı. Bu dövrdə yalnız Tetçer və Kastro az yatmağı şəxsi fəlsəfə kimi vurğulayıblar. Ümumi yanaşmaya görə isə liderlər hesab edirdilər ki, çox yatmaq zaman itkisidir və strateji üstünlüyü əldən vermək təhlükəsi var. SSRİ rəhbərləri, o cümlədən Politbüro üzvləri və respublika rəhbərləri gündə 16 saata qədər işləyiblər. İş rejimini mərkəzləşdirilmiş qərarvermə sistemi və yerli rəhbərlərin daimi hesabatlılıq, eləcə də təzyiq altında fəaliyyət göstərməsi müəyyənləşdirirdi. Üstəlik, 15 respublikanın paytaxtları müxtəlif vaxt qurşaqlarında yerləşsə də, bütün idarəetmə Moskvanın vaxtına uyğunlaşdırılırdı. Ümumilikdə gec yatan liderlər çox zaman ölkələrini ağır vəziyyətlərdən çıxaran şəxslər olublar. Heydər Əliyev də Azərbaycan dövlətçiliyinə ciddi təhlükələrin yarandığı 1993–1994-cü illərdə gecələr yuxusuz qalaraq xalqı meydanlara səsləyib, vəziyyətin sabitləşməsində həlledici rol oynayıb. Bu mənzərə bütövlükdə soyuq müharibə dövrü üçün xarakterik idi”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
globalinfo.az

2Mənbələr