AZ

Misirli baş redaktor: Media Mükəmməllik Mərkəzinin yaradılması təqdirəlayiq addımdır

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycanın D-8 təşkilatına verdiyi önəmi yüksək qiymətləndiririk. Bu gün Media Mükəmməllik Mərkəzinin yaradılması isə xüsusilə təqdirəlayiq addımdır. Çünki ənənəvi media sisteminə rəhbərlik edən qurumlar bu gün çox ciddi bir çağırışla üzləşiblər.

AZƏRTAC xəbər verir ki, bu sözləri D-8 Media Forumu çərçisində keçirilən “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” mövzulu panel sessiyada Misirin “Al-Ahram National Foundation” media qurumunun “Al-Ahram Weekly” və “Al-Ahram Online” nəşrlərinin baş redaktoru Ezzat İbrahim deyib.

O qeyd edib ki, süni intellekt sənayesinin sürətli inkişafı mövcud vəziyyəti tamamilə dəyişib. Artıq ənənəvi media orqanları əvvəlki kimi tək mənbə və ya əsas istiqamətverici rolunu asanlıqla qoruya bilmir. AI həm məzmun istehsalını sürətləndirir, həm məlumat axınını dəyişir, həm də müxtəlif platformalar vasitəsilə ənənəvi medianın təsir gücünü azaldır. “Bu reallıq mediaya yeni yanaşmalar, yeni strategiyalar və yeni öyrənmə prosesləri tələb edir. D-8 çərçivəsində yaradılan Mərkəz isə məhz bu çağırışlara kollektiv cavab vermək üçün böyük imkan yaradır”, - deyə misirli baş redaktor vurğulayıb.

Seçilən
67
azertag.az

1Mənbələr