1961-ci ili aprel ayında Praqa həbsxanasının zirzəmisində cəllad gənc qadının boynuna ilgək bağlayıb. Onun cəmi 24 yaşı olsa da, etdiyi tük ürpədən cinayətlər hər kəsi şoka salıb. Çexoslovakiya hakimiyyəti bunu sirr saxlamaq üçün əlindən gələni edib və demək olar ki, qızın işi yarım əsr ərzində məxfi saxlanıb.
1936-cı ilin sentyabr ayında Çexoslovakiyada atası alman olan Mariya Şmidl adlı bir qız dünyaya gəlib.
Müharibə başlayanda onun atası Sudet tərəddüd etmədən Hitlerin tərəfinə keçib. Bu “düzgün” mövqeyə görə ailə imtiyazlar alıb, xoşbəxt yaşayıb. 1945-ci ilin mayında isə bu xoşbəxtlik və gözəl günlər bitib.
İşgəncələri və təhqirləri unutmayan çexlər ölkədəki almanlardan qisas almağa başlayıb. Onlar evlərindən qovulub, küçələrdə döyülüb, düşərgələrə göndərilib. Təxminən 30 minə yaxın alman müxtəlif üsullarla qətlə yetirilib. Özü də prezident Beneş ard-arda fərman imzalayıb: kompensasiya ödənilmədən əmlakın müsadirəsi; vətəndaşlıqdan məhrum etmə və deportasiya.

Mariyanın atası zəhər içərək özünü öldürdüyü üçün qovulmaq ona nəsib olmayıb. Yerli məmurlar evi ələ keçirdiyi üçün Mariya ilə anası evsiz və işsiz qalıblar - heç kim onları alman olduğuna görə işə götürmək istəməyib. Məktəbdə Mariyanı satqın və faşist adlandırıblar, sinif yoldaşları onun kimin qızı olduğunu xatırlatmaq fürsətini heç vaxt qaçırmayıblar.
Məktəbdən sonra Mariya tibb bacısı kimi təhsil alıb, daha sonra evlənib və soyadını Fikaçkova olaraq dəyişdirib. Yenə də həyatında normal hadisə baş verməyib: əri içki içib, anası kobudluq edib, psixi pozğunluğu olan qardaşı isə tüfeyli həyat yaşayıb. 1957-ci ilin payızında onu rayon xəstəxanasının doğum şöbəsinə təyin ediblər. Lakin həmin şöbədə uşaq səsi götürə bilmədiyi üçün işləmək istəməyib. Məcburi olaraq yeni vəzifəsinə başlayan tibbi bacısı “şəfqətli və çalışqan” kimi özünü göstərsə də, beynində öz planlarını cızıb.

1957-ci ildə Çexoslovakiyanı poliomielit dalğası bürüyüb, onlarla uşaq dünyasını dəyişib. 1950-ci illərin əvvəllərində hər 12 uşaqdan biri ölüb. Yazda kütləvi peyvəndlərə başladılıb - uşaqların demək olar ki, 90%-i peyvənd olunub. Ölkə dünyada poliomielit xəstəliyini tamamilə aradan qaldıran ilk dövlət olub. Son hadisə 1960-cı ilin avqustunda qeydə alınıb. Lakin epidemiya tüğyan etdiyi müddətdə doğum evlərində ölü doğulmuş körpələr çoxalıb. Valideynlərə “ürək çatışmazlığı” və ya “doğuşdan sonrakı şok” deyilib. Körpələrin bədənində qançırlar aşkarlansa da, bu hallar xəstəliyin nəticələri kimi qeydə alınıb. 1960-cı ilin fevralına qədər palata dözülməz hala gəlib.
Fevralın 19-da Qamelbauerova adlı bir aylıq körpə xəstəxanaya ağır vəziyyətə gətirildiyi üçün ayrı boksa qoyulub. Mariya etiketi görüb və soyadı dərhal xatırlayıb. Qamelbauerov müharibədən sonra yerli komitədə çalışıb və onların evinin müsadirə edilməsini həyata keçirən də o olub. İndi də onun nəvəsi burada yatıb. Mariya fürsəti əldən verməyib, qızı ağır yaralayıb. 1 aylıq uşaq sağ qalıb, lakin evə buraxıldıqdan bir neçə gün sonra dünyasını dəyişib.

23 fevralda gecə növbəsi bitdikdən sonra palatada olan iyirmi saatlıq və beş həftəlik uşaq ölü tapılıb. Yarılma zamanı körpələrin bədənlərində ağır kəllə-beyin travmaları və çoxsaylı sınıqlar aşkar edilib. Dörd gün sonra müstəntiqlər stansiyaya gəliblər və Mariyanı əli qandallı aparıblar.
Ertəsi gün davam edən 6 saatlıq dindirilmədən sonra o, hər şeyi etiraf edib. Bildirib ki, qəzəbindən körpələrin başlarını nəfəsləri kəsilənə qədər sıxıb. O, belə anlarda qəzəbinin azaldığını və növbəsini sakitcə davam etdirə bildiyini söyləyib. Qatil ən azı 10 uşağı öldürdüyünü etiraf edib. Lakin müstəntiqlər qadının qəzəbdən yox, qisas məqsədilə qətllər törətdiyini müəyyən ediblər.
İstintaq üç illik sənədləri nəzərdən keçirib, hər ölümü yoxlayıblar, onu qadının növbə cədvəlləri ilə müqayisə ediblər və yarılma hesabatlarını araşdırıblar. Yalnız iki iş sübuta yetirilib, digər etirafları təsdiqləmək mümkün olmayıb. Ya Mariya təzyiq altında çox şey söyləyib, ya da poliomielit epidemiyası cinayətləri elə ört-basdır edib ki, üç ildən sonra onları ayırmaq mümkün olmayıb.
Bütün hallarda Çexoslovakiya dünyada poliomielit xəstəliyinə qalib gələn ilk ölkə olduğu üçün bu cinayəti qabartmağın mənası olmayıb. Bütün məhkəmə işi sakit və mətbuatsız keçib. 1960-cı ilin oktyabrında hökm çıxarılıb - asılaraq ölüm cəzası. Vəkil iki dəfə apelyasiya şikayəti versə də, heç bir faydası olmayıb. 13 aprel 1961-ci il səhər tezdən Pankrac həbsxanasının zirzəmisində ağrılı ölüm həyata keçirilib. Dünyanın radiostansiyaları Qaqarin haqqında danışdığı üçün kommunistlər tibb bacısının hekayəsini ört-basdır edib. Çexoslovakiyada iş təsnif edilib, mətbuatda qeyd olunmayıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün