AZ

Yeni ildə harada istirahət etmək daha sərfəılidir? KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Yeni il tətili yaxınlaşdıqca bir neçə günlük iş fasiləsindən istifadə edərək səyahət planı quranların sayı artır. İnsanlar həm ölkə daxilində, həm də xaricdə istirahət imkanlarını dəyərləndirirlər. Bəs görəsən harada istirahət etmək daha sərfəlidir?

Mövzuya dair turizm eksperti Ceyhun Aşurov KONKRET.az-a açıqlama verib.

Ekspertin sözlərinə görə, daxili turizmə tələbat bu il də yüksəkdir. Artıq iri otellər və turizm şirkətləri yeni il paketləri ilə bağlı reklam kampaniyalarına başlayıblar:

“Hazırda iki nəfərlik iki gecə və yeni il proqramı daxil olmaqla təklif olunan paketlərin qiyməti 1500–2000 manat civarındadır. Bir nəfər üçün bu rəqəm təxminən 700–1000 manat arasında dəyişir. Qiymətə oteldə iki gecə qalmaq, səhər yeməyi, bəzi hallarda gündə üç dəfə qidalanma və yeni il şənliyi daxildir.”

Aşurov bildirib ki, bu qiymət intervalında müxtəlif ölkələrə də səyahət paketləri mövcuddur:

“Tbilisi, İstanbul, Dubay kimi istiqamətlər üçün şəhər turları da təklif olunur. İnsanların ölkə daxilində və ya xaricdə istirahət etməsi tamamilə zövq məsələsidir. Xaricdə də əlverişli qiymətə turlar tapmaq mümkündür.”

Ekspert əlavə edib ki, ölkə daxilində iri otellərlə yanaşı, daha münasib büdcəyə uyğun alternativlər də var:

“Təmtəraqlı olmayan, kənd evlərində və regionlardakı kiçik otellərdə qalmaqla 3–4 günlük istirahəti adambaşı 300–500 manata təmin etmək olar. Bu paketlərə qalmaq, təbiət gəzintiləri və qidalanma daxildir.”

Ölkə xaricinə 3–4 günlük şəhər turları isə adətən 500–1000 dollar arasında dəyişir. Bu məbləğə təyyarə bileti, hotel və səhər yeməyi daxildir.

Ekspert sonda qeyd edib ki, seçim tamamilə insanların büdcəsinə və istirahət tərzinə bağlıdır: daha rahat və təmtəraqlı istirahət istəyənlər üçün iri otellər, fərqli təcrübə və münasib qiymət axtaranlar üçün isə həm region turları, həm də bəzi xarici istiqamətlər uyğun variantdır.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
konkret.az

2Mənbələr