Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon Təşkilatı Partiyanın təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirib.
Publika.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev çıxışı zamanı qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin ən ağır və çətin dövründə, ölkənin ciddi sınaqlarla üzləşdiyi bir zamanda ziyalıların təşəbbüsü ilə yaradılıb. Azərbaycanın taleyini düşünən insanlar böhrandan çıxış yolu kimi yeni bir siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış ediblər. Məhz həmin dövrdə xalqın sınaqdan çıxmış lideri, peşəkar siyasətçi Heydər Əliyev ətrafında birləşmək qərara alınıb. “91-lər”in Ulu Öndərə ünvanladığı müraciət və cəsarətli addımı nəticəsində ölkəni xaosa sürükləyən proseslərin qarşısı alınıb.
O vurğulayıb ki, YAP bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində mühüm siyasi fəaliyyət həyata keçirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad edib. Bu qələbənin əsasında Ulu Öndər Heydər Əliyevin ölkəmizi inkişaf yoluna çıxaran uzaqgörən siyasi kursu durur. Prezident İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirərək Azərbaycanın suverenliyini tam bərpa edib. Hazırda Qarabağda genişmiqyaslı quruculuq işləri həyata keçirilir və məcburi köçkünlər tədricən doğma torpaqlarına qayıdırlar.