ain.az, Lent az portalına istinadən məlumat verir.
Bakıda tikinti materialları bazarında sahibkarlar arasında dava olub.
Lent.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində yerləşən “Eurohome” bazarında qeydə alınıb.
Burada oboy mağazası işlədən 31 yaşlı Mirzə Dadaşov bazarda mağaza işlədən Fuadı (ad şərtidir) döyərək xəsarətlər yetirib. Nəticədə Mirzə saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs bildirib ki, rayonda olarkən işçisi ona zəng edərək, Fuadın ona iş təklifi etdiyini deyib. Fuadın işçisinə belə bir təklif etməsi Mirzəni əsəbiləşdirib. Buna görə də Mirzə dərhal Fuada zəng edib. Lakin o, telefon danışığında bunu inkar edib. Sonra görüntülü zəng vasitəsilə onların hər üçü arasında danışıq olub. Bu zaman Mirzənin işçisi Fuadın ona iş və “Eurohome” bazarında özünə mağaza təklif etdiyini bir daha dilə gətirib.
Rayondan Bakıya qayıdan Mirzə Fuadla öz mağazasında görüşüb. Mağazada Fuad onu hədələyərək bayıra çıxıb və avtomobilinin yük yerini açıb. Mirzə də onun yük yerindən bıçaq və ya digər təhlükəli alət götürəcəyindən ehtiyat edərək, Fuada hücum edib və onu yerə yıxaraq, təpikləyib. Ətrafda olanların müdaxiləsi nəticəsində onları ayırmaq mümkün olub. Nəticədə Fuad travma alıb və topuğu sınıb, həmçinin bir neçə başqa xəsarətlər də alıb.
Zərərçəkən isə ifadəsində avtomobilinin yük yerindən Mirzəni vurmaq üçün hər hansı alət deyil, dərman götürdüyünü deyib. Onun sözlərinə görə, gözlərində problem olduğu üçün gün ərzində bir neçə dəfə gözünə dərman tökür.
Mirzə Dadaşov zərərçəkənlə aralarında barışıq əldə olunduğunu və bir daha belə hallara yol verməyəcəyini deyərək, barəsində ədalətli qərar verilməsini xahiş edib.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə Mirzə Dadaşov barəsində 2 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.