AZ

YAP-ın siyasi kursu nəticəsində Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi tanınır



Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının yaranması milli dövlətçiliyimizin taleyində dönüş nöqtəsi oldu. 1992-ci ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan bu siyasi təşkilat təkcə yeni bir partiyanın formalaşması deyil, həm də müstəqil Azərbaycanın parçalanmaq və xaosa sürüklənmək təhlükəsindən xilasının başlanğıcı idi. O dövrün mürəkkəb ictimai-siyasi şəraitində bu addım xalqın sabaha olan inamını bərpa etdi, dövlətin gələcək inkişaf strategiyasının təməlini qoydu.

1990-cı illərin əvvəlləri ölkəmiz üçün dərin siyasi böhran, anarxiya və xaos dövrü idi. Hakimiyyətə gələn AXC-Müsavat cütlüyü xalqın inamını doğrultmadı. Onların təcrübəsiz, ziddiyyətli və məsuliyyətsiz siyasəti nəticəsində ölkədə dövlət idarəçiliyi iflic vəziyyətinə düşdü, iqtisadi tənəzzül, bölgələrdə separatizm meyilləri və sosial gərginlik dərinləşdi. Ordu dağılmış, torpaq itkiləri artmış, vətəndaşlar arasında ümidsizlik hökm sürməyə başlamışdı.

Belə bir tarixi anda xalq Heydər Əliyev kimi sınaqlardan keçmiş, dövlət idarəçiliyini dərindən bilən liderin ətrafında birləşdi. Onun çağırışı ilə yaranan Yeni Azərbaycan Partiyası milli iradənin ifadəsinə çevrildi. “Yeni, müstəqil, güclü Azərbaycan naminə!” şüarı partiyanın ideoloji dayağı oldu.

YAP-ın yaranması təsadüfi bir siyasi prosesin nəticəsi deyildi. Bu, xalqın dərin sosial-siyasi tələbatından doğan, dövlətçiliyin qorunması məqsədilə yaranan tarixi bir zərurət idi. Partiyanın əsasını təşkil edən ideoloji prinsiplər dövlətçilik, hüquq qaydalarının üstünlüyü, sosial ədalət, milli həmrəylik və sabit inkişaf Azərbaycan cəmiyyətinin gələcək inkişaf modelini müəyyənləşdirdi.

Heydər Əliyevin rəhbərliyi ilə YAP qısa zamanda ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. O, yalnız bir partiya kimi deyil, xalqın birliyinin, sabitliyin və gələcəyə inamın rəmzi oldu. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, YAP-ın siyasi platformasının reallaşması ilə nəticələndi. Bu dövrdən etibarən Azərbaycan siyasi anarxiyadan, vətəndaş qarşıdurmasından, iqtisadi çöküşdən xilas olaraq, sistemli dövlət quruculuğu mərhələsinə qədəm qoydu.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında YAP yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə partiya dövlətin müasir idarəetmə modelinin formalaşmasında, sosial rifah siyasətinin genişlənməsində və Azərbaycanın beynəlxalq uğurlarında aparıcı rol oynadı. İlham Əliyevin həyata keçirdiyi siyasi, iqtisadi və hərbi islahatlar YAP-ın ideoloji xəttinin müasir dövrə uyğun şəkildə inkişaf etdiyini göstərdi.
YAP-ın siyasi kursu nəticəsində Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti, regional enerji və nəqliyyat layihələrinin mərkəzi, eyni zamanda beynəlxalq arenada sabitlik və əməkdaşlıq nümunəsi kimi tanınır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə də bu siyasətin məntiqi nəticəsi idi. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli iradə, güclü ordu quruculuğu və diplomatik çeviklik Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Bu gün Yeni Azərbaycan Partiyası artıq təkcə siyasi təşkilat deyil, xalqın birliyi və dövlətin dayanıqlılığının əsas dayağıdır. 33 illik fəaliyyət dövründə YAP cəmiyyətin bütün təbəqələrini əhatə edən, yenilənən və zamanın tələblərinə uyğunlaşan siyasi təşkilat kimi özünü təsdiq edib.

Azər Allahverənov, Milli Məclisin deputatı
Seçilən
7
1
newscenter.az

2Mənbələr