AZ

Paşinyanın yeni planlı addımı: sülh, yoxsa siyasi manipulyasiya?..

Ermənistanın Baş naziri Nikol Paşinyanın son günlər Almatı bəyannaməsinə tez-tez istinad etməsi regionda geniş müzakirə olunur. Bu, Ermənistanın sərhədlərin delimitasiyası prosesində müəyyən mövqelər qazanmaq cəhdidir, yoxsa real sülh niyyətidir?

Siyasi şərhçi, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlu NOCOMMENT.az-a açıqlamasında bildirib ki, Paşinyanın bu addımı daha çox daxili auditoriyaya hesablanmış siyasi davranışdır və Ermənistanın delimitasiya prosesində mövqelər qazanmaq cəhdindən çox, öz hakimiyyətini möhkəmləndirməyə yönəlib.

“Artıq Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış ilkin sülh bəyannaməsi mövcuddur və sənəddə Azərbaycanın irəli sürdüyü bütün şərtlər – ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması, düşmənçilik ritorikasına son qoyulması kimi müddəalar həm Ermənistan, həm də ABŞ tərəfindən qəbul edilib”.

Zülfüqaroğlu hesab edir ki, bu bəyannamə çox ciddi sənəddir və Ermənistan üzərinə götürdüyü öhdəlikləri qeyri-şərtsiz icra etməlidir.

“Hazırda Ermənistan daxilində revanşist qüvvələrin və kilsənin Paşinyanı devirmək istiqamətində cəhdləri güclənib. 2026-cı il parlament seçkiləri ərəfəsində bu təzyiqlər daha da artdığından Paşinyan zaman-zaman daxili ictimai rəyə hesablanan açıqlamalar verməyə məcbur olur”.

Zülfüqaroğlunun fikrincə, Azərbaycanın Ermənistan üzərindən Qazaxıstana və Rusiyadan İrəvan istiqamətinə taxıl daşınmasına icazə verməsi Paşinyanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib və revanşistlərin arqumentlərini zəiflədib. Bu addım həm regionda sabitliyə, həm də sülh prosesinə töhfə verir:

“Ankara–İrəvan danışıqları, eləcə də Qazaxıstan–Ermənistan münasibətlərindəki dinamika Azərbaycanın koordinasiyası ilə irəliləyir və bütün bu proseslər Paşinyanın hakimiyyətini möhkəmləndirməyə xidmət edir. Bu isə öz növbəsində Bakının maraqları ilə üst-üstə düşür”.

Zülfüqaroğlu yekunda qeyd edib ki, ilkin sülh sazişinin imzalanması ciddi nəticədir və Paşinyanın mövqelərinin güclənməsi Ermənistan daxilində radikal qüvvələrin təsirini minimuma endirərək sülh prosesinə müsbət təsir göstərə bilər.

Aynurə İsmayıl

Seçilən
99
nocomment.az

1Mənbələr