ABŞ Prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyanın başlatdığı işğalçı müharibədə Kiyevin "kozırlarının" olmaması barədə xəbərdarlıq etdiyini xatırladıb.
Musavat.com xəbər verir ki, Tramp bunu Nyu-York meri seçilən Zöhran Mamdani ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən edib. "Nə vaxtsa o, nəyəsə razılaşmalı olacaq", - deyə o, Zelenskinin razılaşma üzrə danışıqlar aparmaq istəyinə toxunaraq qeyd edib: "Yadınızdadırsa, çox da uzaq olmayan bir vaxtda Oval Ofisdə "Sənin heç bir kozırın yoxdur" demişdim. Düşünürdüm ki, o, bir il, iki il əvvəl razılaşma əldə etməli idi. Ən böyük razılaşma heç bir şeyin başlamadığı bir razılaşma olardı. Bu, yaxşı bir razılaşma olardı və düzgün prezidentiniz olsaydı, bunu etmək mümkün idi. Amma sizin düzgün prezidentiniz yox idi".
Tramp yenidən müharibənin Co Bayden dövründə başlandığını xatırladıb: "Unutmayın, bu müharibəni miras aldım".
O, qeyd edib ki, Ukraynadakı münaqişənin həllə yaxınlaşdığına inanır, lakin hələlik qəti şəkildə danışmağa hazır deyil: "Düşünürəm ki, onlar kifayət qədər yaxınlaşırlar, amma proqnoz vermək istəmirəm".
ABŞ prezidenti daha sürətli bir həll yoluna ümid etdiyini əlavə edib: "Düşünürdüm ki, bəlkə də daha sürətli olacaq, çünki mənim Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı münasibətlərim var. Amma tanqo üçün iki nəfər lazımdır".
Trampın fikrincə, Kiyev üçün Amerika planına alternativ davam edən müharibədir. O, bildirib ki, Vladimir Zelenski planı "sevirməli olacaq": "Əgər o, onu sevmirsə, onda yəqin ki, döyüşməyə davam etməli olacaqlar".
Musavat.com