AZ

ABŞ-ın "sülh planı"nda Ukrayna üçün ağır maddələr var... Zelenski ilk dəfə danışdı və ölkənin çox çətin seçimlə üzləşdiyini dedi – “Ya şərəfini itirmək, ya da...”


Zelenski ABŞ tərəfindən hazırlanmış və iki gün əvvəl Kiyevə çatdırılan "sülh planı" ilə bağlı Ukrayna xalqına müraciət edib. Sosial mediada paylaşılan video mesajında ABŞ-ın Rusiya ilə müharibəni bitirmək üçün hazırladığı "sülh planı"nı şərh edən Ukrayna prezidenti heç vaxt ölkəsinə xəyanət etməyəcəyini bəyan edib.

Planın 28 bənddən ibarət olduğunu qeyd edən Zelenski bildirib ki, indi Ukrayna çox çətin bir seçimlə üzləşə bilər: “Ya şərəfini itirmək, ya da əsas tərəfdaşını itirmək risqi var".

Zelenski bildirib ki, bu plan Ukrayna üçün "ağır" məqamları ehtiva edir: "Ya 28 ağır maddə, ya da son dərəcə çətin bir qış. İndiyə qədər ən çətin qışı və daha böyük risqləri qəbul etməyə məcbur ola bilərik. Azadlıq, şərəf və ədalət olmadan həyat və əvvəllər iki dəfə hücum etmiş birinə etibar etmək..."

Plan üzərində işləməyə davam edəcəklərini bildirən Zelenski deyib ki, növbəti həftə asan olmayacaq və hadisələrlə zəngin olacaq. Ukrayna prezidenti planın ən azı iki müddəasının gözardı edilməməsi üçün 24/7 mübarizə aparacağını deyib: “Ukraynalıların ləyaqəti və azadlığı uğrunda. Çünki bu, hər şeyin əsasını bu təşkil edir: suverenliyimiz, müstəqilliyimiz, torpağımız, xalqımız və Ukraynanın gələcəyi".

"Əlbəttə ki, biz poladdan düzəldilmişik, amma heç bir metal, hətta ən güclü metal belə bu təzyiqlərə tab gətirməyə bilər", - deyən Zelenski 2019-cu ildə vəzifəyə başlayanda ölkəsinin ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək üçün and içdiyini vurğulayıb.

Zelenski planın müddəalarına cavab olaraq ABŞ tərəfinə müxtəlif alternativlər təqdim edəcəklərini bildirib və deyib: "Dediyim hər sözün hər gün üstündə dururam. Onlara heç vaxt xəyanət etməyəcəyəm. Ukraynanın milli maraqları nəzərə alınmalıdır. Biz şişirdilmiş bəyanatlar vermirik. ABŞ və bütün tərəfdaşlarımızla sakitcə işləyəcəyik. Arqumentlərimizi təqdim edəcəyəm, inandıracağam və alternativlər təklif edəcəyəm, amma düşmənə Ukraynanın sülh istəmədiyini, prosesi ləngitdiyini və ya diplomatiyaya hazır olmadığını iddia etməsi üçün heç bir əsas verməyəcəyik. Bu, olmayacaq”.

Ukraynanın təxminən dörd ildir özünü müdafiə etdiyini bildirən Zelenski daha sonra deyib: "Biz minlərlə kilometr uzunluğunda cəbhə xəttini saxlayırıq və xalqımız hər gecə artilleriya atəşinə, raket hücumlarına, ballistik raket hücumlarına və pilotsuz təyyarə hücumlarına məruz qalır".

Zelenski sonda Ukraynada hər kəsi birlik və həmrəylikdə içində olmağa çağırıb.

TAHİR

Seçilən
38
50
baki-xeber.com

10Mənbələr