
Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində faciə baş verib.
Reyting.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində dünyalarını dəyişiblər.
“Azərişıq” ASC-dən bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
***
Baş Prokurorluq Bakıda 4 nəfərin cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"in işçiləri - 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
***
Noyabrın 21-də Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən "Lake Hotel"in işçiləri - 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Toplanmış sübutlarla "Lake Hotel"in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər"ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib.
Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Noyabrın 22-də A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında A.Verdiyevin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş vermiş hadisədə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.