AZ

“Ukrayna bizim üçün vuruşur” deyənlər...

Bəs o zaman biz Qarabağda Rusiyanın birbaşa dəstəyi ilə erməni işğalına qarşı döyüşəndə niyə Ukraynada kimsənin ağlına gəlmirdi “azərbaycanlılar bizə görə vuruşurlar, çünki Ermənistandan sonra Rusiya da ərazilərini böyütmək iddiasına düşəcək” desin?

Bəziləri “Ukrayna bu müharibədə Azərbaycan üçün də vuruşur” deyəndə nəyə işarə etdiyi bəllidir, baxmayaraq ki, şəxsən mən bunu mənasız teori sayıram. Necə yəni Ukrayna bizə görə vuruşur? Bəs o zaman biz Qarabağda Rusiyanın birbaşa dəstəyi ilə erməni işğalına qarşı döyüşəndə niyə Ukraynada kimsənin ağlına gəlmirdi “azərbaycanlılar bizə görə vuruşurlar, çünki Ermənistandan sonra Rusiya da ərazilərini böyütmək iddiasına düşəcək” desin? Ukrayna ən yaxşı halda, BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyün tanımaqla kifayətlənirdi, 44 günlük müharibədə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Ermənistana haqq qazandıran əndrabadi bəyanatı da olmuşdu, maraqlananlar axtarıb tapa bilər...

Rusiyanın Ukrayna bataqlığında hələ daha bir neçə il qalmasının Azərbaycana bəzi faydaları var, çünki başları açılanda Kreml ətrafa aqressiya saçır. Amma bu bizim arzumuza bağlı da məsələ deyil, əsas Ukraynanın arxasında gizlənənlərdir, NATO-nun əsas ölkələri və qorxaq liderləridir.

Ukrayna 3 il 9 aydır onların əvəzinə vuruşur. Ukrayna xalqının işğala qarşı dirənişinə qətiyyən kölgə salmadan həqiqəti də demək lazımdır. Bu müharibə onların ərazisində gedir, ölən də, itən də, qaçqın düşən də əsasən ukraynalıdır. Amma daha heç kimə sirr deyil ki, bu, böyük mənada Ukraynanın müharibəsi deyil.

NATO-nun əsas qərarverən ölkələri Almaniya, Fransa və Britaniyadır. Müharibə başlayan kimi sıralarını da genişləndirdilər, sayları 32 dövlətə çatdı. 32 dövlət isə bir Rusiyanı yerində oturtmağa cəsarət etmir. Bir-iki dövlət Ukraybaya qoşun göndərmək blefini etdi, Rusiya göz ağardan kimi geri çəkildilər. Uklraynanın arxasında gizlənib hələ bu müharibəni davam etdirmək istəyirlər. Rusiyanın “komsomol canı” varmış, necə deyərlər, Kələntər dayıya ümid etməklə iş bitmir, “ürəyini nişan almaq lazımdır”. NATO liderləri isə ancaq pul verməklə işlərini bitmiş hesab edirlər. Tramp onların xarakterini görünür ki, yaxşı bilir, ona görə Zelenskinin qarşısına 28 bəndlik kapitulyasiya sənədi qoyur. Bu, həm də Ukrayna müharibəsinin dayanmasına qarşı çıxanlara hədədir, onlara saymazyanalıqdır. Tramp bilir ki, bu adamlar cəsarət edib Putinin ölıkəsinə qarşı savaş açmayacaqlar. Rusiya arada NATO ölklələrinin ərazilərtinə dron da göndərdi, nəbzlərini yoxladı. Gördü ki, NATO-nun beşinci bəndi əslində boş şeydir, kimsə onu icraya yönəltməyəcək. Müharibənin sponsorları Rusiyanın Ukraynanın şərqində daha bir neçə il vuruşmasını istəyirlər, ona görə son günlər əl-ayağa düşüblər, toplantı arxasınca toplantı keçirirlər, guya yeni sülh planları da var...

Zelenskiniun xalqa müraciəti kədərli idi, bir prezident üçün bundan ağır nə ola bilər ki? Adam səhnənin nəfəsini və nə istədiyini yaxşı bilir. Çıxış yolu əlbəttə ki, tapılacaq. Amerikanın şərtləri Rusiyanın tam qələbəsi, Ukraynanın da tam məğlubiyyəti deyil. Müharibənin dayandırılması haqda bəyanatlar artsa da, Ukraynaya hərbi yardımlar hələ var, davam da edəcək. Bu müharibədə Ukraynanın indiki Rusiyaya, indiki hakimiyyətə və indiki şərtlərlə qalib gəlmək şansı zatən əvvəldən yox idi. Ona görə deyirdik ki, Qərbin siyasətçilərinin təhriki ilə ölkəni müharibəyə sürükləməmək lazım idi.

Öz ərazilərindən imtina etmək istənilən dövlət üçün ən ağır şərtdir. Biz bunları yaşamışıq. Rusiya-Ukrayna savaşı, Donbas əlbəttə, Qarabağ deyil, bu çox miqyaslı, qlobal güclərin yer aldığı, fərqli məqsədlər güdən müharibədir. Amma o da gerçəkdir ki, 1994-cü ildə ölkəmiz ağır şərtlər altında olsa da, atəşkəsə razı olmasaydı biz bu gün Şuşada, Xankəndində olmayacaqdır. Ukraynada danışıqların başlaması hələ torpaqlardan imtina deyil, bu uzun-uzadı müzakirələr tələb edəcək.

Ölkəyə isə ən əvvəl savaşı durduracaq ağıllı lider lazımdır. Kim nə deyir-desin, Zelenski Ukraynanı uçuruma gətirdi, toparlanması da uzun zamanı aparacaq, amma heç olmasa, ölkənin insan resurslarını və iqtisadi potensialını bərpa etmək üçün atəşkəs lazımdır. Ukraynada adamların yaşamağa yeri hələ də çoxdur, yetər ki, ölkələrinə qayıtsınlıar, ölkələrinin yaralarının sarımasına kömək etsinlər.

Qarabağ müharibəsi sübut etdi ki, lazımı zamanda, lazımı həmlələr hətta möcüzələr belə yarada bilər...

Nazim SABİROĞLU,
Musavat.com

Seçilən
20
50
musavat.com

10Mənbələr