Goranboyda beşmərtəbəli binanın 1-ci mərtəbəsinin döşəməsi çöküb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Binada yaşayan sakinlər bildirib ki, qəfildən uğultu səsi eşidiblər, ardından çökmə baş verib. Qeydə alınan hadisə nəticəsində bina sakinlərindən xəsarət alanlar olub.
Hadisə ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub. Döşəmənin çökməsi nəticəsində xəsarət alan şəxslər Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 60 ailənin təhlükəsiz əraziyə təxliyə olunduğunu bildirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.