Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə kamera musiqisi gecəsi keçiriləcək.
Filarmoniyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gecənin solisti skripkaçı Dilarə Mehdiyeva-Kurtaran olacaq. Konsert proqramına Cüzeppe Verdinin “Simli alətlər üçün kvartet” və “Mi minor” (Bakıda ilk dəfə simli orkestr tərəfindən ifa olunur), Aqşin Əlizadənin “Pastoral və Aşıqsayağı”, Valentin Silvestrovun “Gecə serenadası” və Astor Pyatsollanın “Buenos-Ayresdə ilin fəsilləri” silsiləsi (dörd hissəli) daxil ediləcək.
Qeyd edək ki, Dilarə Mehdiyeva-Kurtaran 1998-ci ildən 2014-cü ilə qədər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin üzvü olub. 2002-ci ildən 2014-cü ilə qədər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında skripka müəllimi işləyib. 2002-ci ildə ABŞ-da keçirilən “Apple Hill” Kamera Musiqisi Festivalına dəvət alıb və 2005-ci ildə dirijor Valeri Gergiyevin rəhbərliyi ilə Pasxa Festivalında Azərbaycanı təmsil edib. O, 2007-ci ildə Əməkdar artist adına layiq görülüb, 2011-ci ildən 2014-cü ilə qədər Prezident təqaüdçüsü olub. Musiqiçi 2014-cü ildən Antalyada yaşayır və Aralıq dənizi Universitetinin Antalya Dövlət Konservatoriyasında dərs deyir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.