AZ

İşləyən vətəndaş icbari tibbi sığortadan imtina edə bilər?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər aktual mövzulardan biri də işsizlərin (qeyri-formal məşğul şəxslər) aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəyi barədə “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklərlə bağlıdır.

Vətəndaşlar işləmədikləri halda niyə bu məbləği ödəməli olduğu onları ən çox düşündürən suallardandır. Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, dünyanın səhiyyənin icbari sığorta sisteminin çalışdığı hər yerində müəyyən qrup insanları dövlət öz təminatına götürür, qalan şəxslər isə sığorta haqları ödəməklə, icbari tibbi sığorta haqqı əldə edirlər:

“Kimsə  icbari tibbi sığorta ödəmək istəməsə, özəl qaydada özəl klinikalarda müalicəsini ala bilər. “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdən sonra gələn ildən dövlət qeydiyyatında olan şəxslər – uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar istisna olmaqla, formal və ya qeyri-formal işləyən şəxslər, yaxud qazanc mənbəyi məlum olmayan insanlar ayda 16 manat ödəməklə, icbari tibbi sığortadan yararlanmaq hüququ əldə edirlər. Yəni bir vətəndaş işləyirsə, yüksək əməkhaqqı alırsa, öz əməkhaqqısından yüksək icbari tibbi sığorta haqları ödəyirsə, digər vətəndaşlar niyə onun ödədiyi vəsaitdən özünün qatqısı olmadığı halda istifadə etməlidir? Bu suallar da çıxa bilər”.

O əlavə edib ki, bu qayda məcburi deyil, amma ödəniş etməyən vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilməyəcəklər. 

Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.

Maraqlıdır ki,  çalışan  vətəndaş dövlət xəstəxanasında deyil, özəl xəstəxanada müalicə almaq istəyirsə, çalışdığı müəssisədə tibbi sığorta haqqı ödəməkdən imtina edə bilərmi?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, bu mümkün deyil:

"Xeyr. İcbari tibbi sığorta haqqının toplanması “Tibbi sığorta haqqında” Qanunla tənzimlənir və bu sahədə qərarlar qanunverici orqan tərəfindən qəbul olunur”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
20
cebheinfo.az

10Mənbələr