1960–2021-ci illər arasında aktiv olmuş 45 seriyalı qatilin ifadələrini araşdıran mütəxəssislər bu şəxslərin özünü ucaldan (Təmtəraqlı məhəbbət) və sosial olaraq geriyə çəkilən (Həssas izolyasiya) kimi bir-birinə zidd olan narsistik meylləri eyni anda daşıdıqlarını müəyyən ediblər. Bu tapıntılar məhkəmə psixologiyası üçün əhəmiyyətli məlumatlar təqdim edir.
Hit.az xəbər verir ki, Almaniyanın Bamberq Universitetindən psixoloqlar cinsi motivasiyalı seriyalı qatillərin psixologiyasını araşdıraraq diqqət edilməli dörd əsas narsistik xüsusiyyəti müəyyən ediblər. Yeni araşdırma seriyalı qatillərin düşündüyümüzdən daha mürəkkəb psixoloji quruluşa malik olduğunu göstərir.
Tədqiqatçılar 60 il ərzində aktiv olmuş 45 cinsi motivasiyalı seriyalı qatilin ifadələrini təhlil ediblər. Nəticələr göstərib ki, bu şəxslər “Təmtəraqlı rəqabət”, “Təmtəraqlı hayranlıq”, “Həssas düşmənçilik” və “Həssas izolasiya” adlanan dörd müxtəlif narsistik xüsusiyyətlə hərəkət edirlər. Bu xüsusiyyətlər seriyalı qatillərdə həm “böyüklük” (özünü xüsusi görmə, təkəbbür, üstünlük tələbi), həm də “həssaslıq” elementlərinin mövcud olduğunu göstərir.
Araşdırmanın müəllifi Evangelia İoannidi deyib:
“Bu cinayətkarlar yalnız eqo və ya güc hissi ilə hərəkət etmirlər. Bəli, çoxu təmtəraqlı xüsusiyyətlər sərgiləyir, amma ən az bunun qədər vacib olan bir tərəf də həssas tərəfləridir — kin, həddindən artıq həssaslıq və onlara ədalətsizlik edildiyinə dair dərin hisslər. Bu iki tərəfin birlikdə fəaliyyəti onların niyə bu qədər şəxsi və nəzarət yönümlü şiddətə meyilli olduqlarını izah etməyə kömək edir".
İoannidi əlavə edib ki, bu şəxslərə bəraət qazandırmaqdan söhbət getmir — məsələ bu cinayətlərin arxasındakı psixologiyanın çoxlarının düşündüyündən daha mürəkkəb olduğunu anlamaqdadır.
Dörd xüsusiyyət necə müəyyənləşdirilib?
Tədqiqatçılar 1960–2021-ci illər arasında cinsi motivasiya ilə qətl törətmiş 45 kişi seriyalı qatili araşdırıblar. Bu qatillərin hamısı təkbaşına fəaliyyət göstərmiş, məhkəmədə özlərini müdafiə edə bilmiş və məhkum olunmuş şəxslər idi. Qatil başına qurban sayı 2-dən 22-yə qədər dəyişir, orta göstərici isə 8,04 qurban olub. Komanda onların etiraf və istintaq ifadələrini analiz edib.
Aşağıda ən çox rast gəlinən dörd xüsusiyyət və onların mənası qeyd olunur:
1.Həssas Düşmənçilik
Halların %84-də (38 iş) görülüb.
Paranoya, aqressiya və ona qarşı ədalətsiz davranıldığına dair dərin inamı əhatə edir.
2.Təmtəraqlı Hayranlıq
Halların %76-sında (34 iş) görülüb.
Özünü ucaldan davranış, diqqət və heyranlıq ehtiyacı ilə xarakterizə olunur.
3.Təmtəraqlı Rəqabət
Halların %71-də (32 iş) görülüb.
Başqalarını dəyərsizləşdirmə və üstünlük qazanmaq uğrunda mübarizə.
4.Həssas İzolasiya
Halların %58-də (26 iş) görülüb.
Kövrək özünəhörməti qorumaq üçün sosial mühitdən geri çəkilmə.
Tədqiqatçılar bildirirlər ki, bu xüsusiyyətlər demək olar ki, heç vaxt tək şəkildə mövcud olmur və əsasən bir-biri ilə üst-üstə düşür. Yəni seriyalı qatillər xaricdən özünü böyük göstərən, təkəbbürlü bir obraz yaratsa da, daxilən daha həssas və kövrək psixoloji balans daşıyırlar.
Bu nəticələr göstərir ki, cinsi motivasiyalı seriyalı qatillərdə həm həssas, həm də təmtəraqlı narsisizm eyni anda və aydın şəkildə mövcuddur. Tədqiqat müəllifləri bildirirlər:
“Bu xüsusiyyətlər cinsi motivasiyalı seriyalı qatillərdə psixoloji mexanizmlərin daha yaxşı anlaşılmasına kömək edir".
Lakin "Journal of Police and Criminal Psychology" jurnalında yayımlanan məqalədə komanda xəbərdarlıq edir ki, bu dörd xüsusiyyət bu cür ekstremal şiddətin birbaşa və ya yeganə səbəbi kimi qiymətləndirilməməlidir. Çünki əvvəlki araşdırmalardan bilinir ki, narsistik meyllər heç bir cinayət törətməyən çox sayda insanda da mövcuddur.
Məsələn:
*Qısa müddət əvvəl aparılmış bir araşdırma, məşhurlara həddindən artıq heyranlığın həssas narsisizm ehtimalını artırdığını müəyyən etmişdi.
*Başqa bir araşdırma isə yüksək cinsi istəyə malik kişilərin narsist olma ehtimalının daha yüksək olduğunu göstərib.
Samir