Rusiya rəsmilərinə və qeyri-rəsmi vasitəçilərə xüsusi tapşırıqlar verilib...
Poliqon Rusiya telegram kanallarına istinadən xəbər verir ki, mövcud məlumatlara görə, Kreml Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ-nin prezidenti Donald Tramp administrasiyası ilə yeni danışıqlara intensiv şəkildə hazırlaşır. Bu istiqamətdə göstərişlər Rusiya Xarici İşlər Nazirliyinə, xüsusi xidmət orqanlarına və qeyri-rəsmi vasitəçilərə, o cümlədən Kiril Dmitriyev və Roman Abramoviçə çatdırılıb.
Mənbələrin bildirdiyinə görə, Rusiya Xarici İşlər Nazirliyi qarşıdakı görüşlər üçün rəsmi danışıqlar çərçivəsini formalaşdırmalı, hər iki tərəfin maraqlarını nəzərə alan diplomatik platforma yaratmalıdır. Qeyri-rəsmi vasitəçilərə isə mümkün “geri çəkilmə” ssenarilərinin təhlili tapşırılıb. Mənbələr hesab edir ki, Tramp administrasiyasının irəli sürdüyü “sülh planı” hazırkı formada Moskva üçün qəbuledilməzdir və qarşılıqlı güzəştlər olmadan irəliləyiş mümkün görünmür.
ABŞ-də isə Moskvanın “həddindən artıq ləngliyi” ilə bağlı narazılığın artdığı vurğulanır. Vaşinqtondakı mənbələrin sözlərinə görə, Kremlin əsas narahatlıqlarından biri Tramp planının Avropa ölkələri tərəfindən legitim qəbul edilməməsidir.
“Moskva anlayır ki, Tramp həmişəlik hakimiyyətdə olmayacaq və demokratların mümkün qayıdışı vəziyyəti dəyişə bilər. Buna görə də danışıqlarda Avroatlantik ölkələrin iştirakı Kreml üçün həyati əhəmiyyət daşıyır”, deyə məlumatlı mənbələr bildirirlər.
Hazırkı prosesdə Roman Abramoviç kimi Qərb siyasi dairələri ilə əlaqəsi olan qeyri-rəsmi vasitəçilərin rolu xüsusi vurğulanır. Ekspertlər qeyd edir ki, Abramoviçin əlaqələri Tramp administrasiyasından kənarda da kanallar açmaq imkanı yaradır, halbuki Dmitriyevin bu sahədə imkanları daha məhduddur.
Məlumatlara əsasən, Vladimir Putin və Donald Tramp arasında mümkün görüş qarşıdakı aylarda — böyük ehtimalla gələn ilin yazında — baş tuta bilər. Bu görüşün əsas məqsədi tərəflərin yekun tələblərini dəqiqləşdirmək və Moskva ilə Kiyev arasında növbəti mərhələnin konturlarını müəyyənləşdirmək olacaq. Bayramlar — xüsusilə Pasxa ərəfəsi — mümkün “uzunmüddətli atəşkəs” üçün simvolik zaman pəncərəsi kimi də qiymətləndirilir.
Ekspertlər proseslərin sürətlənməsini həm ABŞ-nin, həm də Rusiyanın siyasi maraqları ilə izah edir: hər iki tərəf uzunmüddətli dondurulmuş münaqişə ssenarisindən qaçmaq və müzakirələr üçün daha geniş beynəlxalq legitimlik qazanmaq niyyətindədir.
Poliqon.info