Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xaosu hökm sürür.
Pravda.az xəbər verir ki, sürücülər gedişhaqqını özləri müəyyən edirlər.
Məsələn, 50 manat. Vətəndaş sonda bu qiyməti eşidəndə isə taksi sürücüsü “taksometr belə yazıb” cavabını verir. Lakin taksometr, harada yerləşir, bunu bilən yoxdur. Çünki taksiyə əyləşən sərnişin ta yolun başından taksometri görmür, heç harada yerləşdiyini bilmir, nəticədə fantastik qiymətlə qarşılaşır.
Əslində isə qanunvericiliyə görə, taksometr elə yerdə quraşdırılmalıdır ki, sərnişin nə qədər vəsait yazıldığını görməlidir.
Maraqlıdır, bəs görəsən, taksilərdə taksometr quraşdırılıbmı?
Sürücü mənzil başına çatdıqda sərnişinə istədiyi qiyməti deyə bilərmi?
Əgər taksometr qoşulmayıbsa, sərnişin pul ödəmədən taksidən düşə bilərmi?
Suallar çoxdur. Pravda.az bütün bu suallara aydınlıq gətirmək üçün Beynəlxalq Hava Limanına sorğu ünvanlayıb. Qurum isə suallarımızı Bakı Taksi Xidmətinə yönləndirməyimizi bildirib. Ən maraqlısı isə budur ki, Bakı Taksi Xidməti də Azərbaycan Dövlət Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə yaratmağımızı təklif etdi.
AYNA-dan da sorğumuza heç bir mövqe bildirilmədi.
Görünür, özləri də hələ taksometrin yerini tapa bilməyiblər.
Taksilərlə bağlı qərarı qəbul edərkən, görəsən, qurumlar nə düşünürdülər?
Suallarımız hələ də açıq qalır...