ain.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
Xəbər verildiyi kimi, noyabrın 10-dan 22-dək Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 30-cu Sessiyası (COP30), noyabrın 6-7-də isə Sessiyanın Liderlər Zirvəsi təşkil olunub. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) heyətinin COP30-da iştirakına dair mətbuat məlumatında bildirilib ki, COP30-un rəsmi açılış günündə COP-a sədrlik Azərbaycan Respublikasından Braziliyaya təhvil verilib.
Azərbaycanın ev sahibliyi etdiyi COP29-un tarixi nəticələri
COP29-un sədri, Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP30-un açılış sessiyasında çıxış edərək ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi nəticələr, eləcə də ölkəmizin COP-a sədrlik etdiyi dövr ərzində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.
Qarşımızda iki nümunə var - Bakı və Belem nümunələri. Bu iki nümunə bir-birindən kəskin şəkildə fərqlənir. Braziliyanın ev sahibliyi etdiyi tədbirdə yüksəksəviyyəli nümayəndələrin iştirakı əhəmiyyətli dərəcədə məhdud olub. Bundan başqa, tədbirdə daxili ziddiyyətlərdən qaynaqlanan bir sıra problemlər yaşanıb, gündəlik dəqiq olmayıb, təşkilat komitəsi tez-tez dəyişib. Qonaqların yerləşdirlməsində də müəyyən çətinliklər yaşanıb. Konfransın son günündə baş verən yanğın da COP30-da qeydə alınan xoşagəlməz hadisələr sırasındadır.
Məsuliyyətli dövlət olan Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 isə tarixə nümunəvi bir tədbir kimi düşüb. Azərbaycanın COP29-a yüksəksəviyyəli hazırlıqlar görməsi və Bakıda yaxşı nəticələrin əldə olunması Azərbaycanın gücünün və məsuliyyətinin təsdiqi ilə yanaşı, həm də ölkəmizin iqlim çağırışlarına çox həssas yanaşmasının bariz ifadəsidir. Respublikamız hər zaman öz gündəliyini qlobal çağırışlarla uzlaşdırıb. O cümlədən Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən dövlətdir. Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Azərbaycan mütəmadi olaraq iqlim dəyişikliyi ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlayır və müvafiq qaydada təqdim edir. Azərbaycan həmçinin COP tədbirlərində fəal iştirak edir. Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasiminə qatılıb.
Eyni zamanda, Azərbaycan istehsalatda geniş ekoloji hədəflər müəyyənləşdrən ölkələr sırasında yer alır. Respublikamızı təmsil edən SOCAR 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşmanın və 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib. Bundan başqa, respublikamızda zəngin potensiala əsaslanmaqla “yaşıl enerji”yə keçid də uğurlu bir prosesə çevrilib.
Azərbaycanın bu kimi reallıqları, həmçinin dövlətin qətiyyətli siyasi iradəsi COP29-da substantiv nəticələrin əldə olunmasına güclü şəkildə təsir göstərib. Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasını COP29-un mühüm uğurlarından biri kimi dəyərləndirrmək mümkündür. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Xatırladaq ki, bu göstərici əvvəllər 100 milyard dollar olub. Eləcə də, İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması böyük nailiyyətdir.
COP30-un ən fəal iştirakçılarından biri
Azərbaycan COP29-a uğurlu ev sahibliyi etməklə öz missiyasının tamamlandığını düşünmür. Hazırda iqlim çağırışlarının aktuallığı çox böyükdür. Buna görə də respublikamız bu sahədə daha güclü beynəlxalq həmrəyliyə nail olunmasına yeni töhfələr vermək istəyir.
Azərbaycanın COP30-da fəal iştirakı bunu əyani şəkildə təsdiqləyir. XİN-in mətbuat məlumatında vurğulandığı kimi, Liderlər Zirvəsində Azərbaycan Respublikasını Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Milli Məclisin sədri Azərbaycan Respublikası adından bəyanat səsləndirib və bir sıra ölkələrin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirib.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP29-un sədri qismində COP30 çərçivəsində təşkil olunmuş bir sıra tədbirlərdə iştirak və çıxış edib, digər nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Eyni zamanda, COP30-un hər iki seqmentində Xarici İşlər Nazirliyinin heyəti də iştirak edib. Konfrans çərçivəsində XİN nümayəndə heyəti konfransın yekununda qəbul edilməsi planlaşdırılan qərarların qəbulu istiqamətində aparılan danışıqlara cəlb edilib və 2 mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub.
COP30-un sədri Andre do Laqo tərəfindən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya xarici işlər nazirinin müavini Mauricio Lyrioya verilmiş COP31-in ev sahibliyinə namizəd ölkələr olan Türkiyə və Avstraliya arasında danışıqların aparılması səlahiyyəti çərçivəsində, 12 gün ərzində aparılmış intensiv danışıqlardan sonra COP31-in ev sahibliyinin Türkiyəyə verilməsi barədə qərar qəbul edilib.
XİN heyəti, həmçinin COP29 Sədrinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülmüş sülh və miqrasiya, su, səhiyyə, şəhərlər və iqlim şəffaflığı mövzularında təşəbbüslərlə bağlı 5 tədbir keçirib. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti yenilənən enerji, hidrogen və kənd təsərrüfatı təşəbbüsləri ilə bağlı bir neçə tədbirin keçirilməsinə həmtəşkilatçı qismində dəstək göstərib.
Bununla yanaşı, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq, Azərbaycan və Braziliya tərəfi qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib.
Mübariz FEYİZLİ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.